İstehlak bazarındakı qiymətlər açıqlandı

İstehlak bazarındakı qiymətlər açıqlandı
  17 May 2021    Oxunub:2697
Bu ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin eyni aylarına nisbətən 104 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,1 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, cari ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, ötən ilin eyni ayına nisbətən 104,3 faiz olub. 2021-ci ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, keçən ilin eyni ayına nisbətən 104,4 faiz təşkil edib. Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, dondurulmuş balığın, sterilizə olunmuş üzlü südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, almanın, armudun, kələmin, pomidorun, bibərin, çuğundurun, balqabağın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin və tütün məmulatlarının, ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, qozun, fındığın,

xiyarın, badımcanın, yerkökünün, kartofun və sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, keçən ilin eyni ayına nisbətən 103,9 faiz təşkil edib. Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma pambıq parçaların, boyaların, divar kağızlarının, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, sementin, soyuducuların, paltaryuyan maşınların, kondisionerlərin, televizorların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının, ucuzlaşma isə əsasən mobil telefonların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər olmayıb.

2021-ci ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, ötən ilin eyni ayına nisbətən 104,3 faiz təşkil edib. Cari ilin aprel ayında əvvəlki ayla müqayisədə ayrı-ayrı xidmət növlərindən daha çox bahalaşma paltarların təmiri, dişlərin müaliсəsi, bərbərxana və kosmetoloji xidmətlərin, MDB ölkələrinə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Azvision.az


Teqlər:





Xəbər lenti