Kanadada Nizami Gəncəvinin yubileyi qeyd olunub
Çıxış edənlər Nizami Gəncəvinin Azərbaycan fəlsəfəsi ənənəsinin ən böyük nümayəndələrindən biri olmasından, islam dünyasının ədəbi irsinə böyük töhfələr bəxş etməsindən söz açıblar, Nazimi yaradıcılığındakı kamil insan axtarışından bəhs ediblər. Bildirilib ki, əsrlərdən bəri ədəbi irsi ilə Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində layiqli yerini qoruyub saxlamaqda olan Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.
Tədbirin bədii hissəsində Nizami Gəncəvinin qəzəllərinə bəstələnən əsərlər təqdim olunub. Görkəmli Azərbaycan bəstəkarı və müğənnisi Müslüm Maqomayevin ifasında "Sənsiz", professor, əməkdar artist İlham Nəcəfov və istedadlı pianoçu Minirə Nəcəfzadənin ifasında "Sevgili canan" romansları səsləndirilib. Sonra Torontoda yaşayan azərbaycanlı dirijor və bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi İsmayıl Hacıyev şairin "Düşüb eşqinlə bir sevdaya, ey gül" qəzəli əsasında bəstələnmiş "Ey gül" kompozisiyasını ifa edib. Bədii hissə Bakı Musiqi Akademiyasının II kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Fidan Yunusun pianoda "Sənsiz" romansını ifa etməsilə yekunlaşıb.
Azvision.az
Teqlər: NizamiGəncəvi