Sığorta ehtiyatından istifadə qaydası müəyyənləşdi

Sığorta ehtiyatından istifadə qaydası müəyyənləşdi
  18 May 2021    Oxunub:1945
Dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta vəsaitləri hesabına sığorta ehtiyatı yaradılacaq.
Azvision.az -ın məlumatına görə, bu,Prezident İlham Əliyevin bu gün imzaladığı “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanda əksini tapıb.

Fərmana əsasən, sığorta ehtiyatından aşağıdakı qaydada istifadə olunur:

- sığorta ehtiyatı Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli sistem əhəmiyyətli banklarında depozitə yerləşdirilir;

- sığorta ehtiyatı sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının artırılması dayandırılır, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir isə bu Fərmanda göstərilən tədbirlərin maliyyələşdirilməsinə yönəldilir;

- sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsir sığorta ehtiyatı hesabına maliyyələşdirilir;

- cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.

2022-ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirəcək.

Nazirlər Kabineti isə sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Azvision.az


Teqlər: Sığorta  





Xəbər lenti