Bakıdan “turizm cənnətinə” aparan qatar - FOTOLAR

 Bakıdan “turizm cənnətinə” aparan qatar -  FOTOLAR
  19 May 2021    Oxunub:7621
Ötən gün "Azərbaycan Dəmir Yolları" QSC-nin təşkilatçılığı ilə media nümayəndələrinin Qəbələ Dəmiryol Vağzalına mediaturu təşkil edilib.
Azvision.az -ın məlumatına görə, mediatur çərçivəsində jurnalistlərə Ləki stansiyası–Qəbələ birxətli dəmir yolu xəttinin tikinti işləri barədə məlumat verilib. Bildirilib ki, dəmoryolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. İstismara hazır olan Bakıdan Qəbələyədək 311 km-dən ibarət dəmiryolu xətti ilə qatar 3 saat 20 dəqiqəyə mənzil başına çatır. Lakin qatar pandemiyadan sonra sərnişinlərin istifadəsinə veriləcək.



ADY-nın mətbuat xidmətinin rəhbəri Natavan Bayramova Azvision.az-a bildirib ki, dəmir yolu xəttində İsveçrənin “Stadler Rail Group” şirkətinin istesalı olan dördvaqonlu ikimərtəbəli sürət qatarından istifadə olunur:

"Qatar standart, biznes və birinci klass vaqonlardan ibarətdir. Vaqonlarda ümumi sərnişin yerlərinin sayı 363 nəfərlikdir. Bu yerlərdən 293-ü standart, 61-i biness, 9-u isə birinci klass yerlərdir. Pandemiyaya görə Bakı-Qəbələ qatarı hələ sərnişinlərin istifadəsinə verilməyib.Bakı-Qəbələ qatarlarında sərnişin biletlərinin qiymətləri barədə yaxın vaxtlarda ictimaiyyətə məlumat veriləcək".



Bakı-Qəbələ dəmoryolu xəttinin açılmasının turizm imkanlarından danışan Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov bildirib ki, bu, regional turizm üçün önəmli hadisədir.

"Azərbaycan kimi coğrafi baxımdan kiçik olan ölkələrdə qatarla səyahət çox vacibdir. Ləki qatarı Şəki-Zaqatala, Qəbələ-İsmayıllı regionunun turizm potensialının artırılması baxımından gələcəkdə önəmlidir. Qəbələ həm daxili, həm də gəlmə turizm baxımından Azərbaycanın əsas turizm mərkəzlərindən hesab olunur. Bu baxımdan ilin bütün mövsümlərində Qəbələ turist cəlb edən yeganə destansiyalardan biri hesab olunur. Çünki burada həm qış turizm növləri, həm də yay turizm üçün yetərli qədər imkanlar var. Bu gün qatarın məhz Qəbələyə çəkilməsi təsadüfi deyil və bu, olduqca vacibdir".



Nəqliyyat eksperti Rauf Ağamirzəyev qeyd edib ki, son 36 ildə yeni stansiya Balakən istiqamətində inşa edilib və müstəqillik dövründə Bakı-Qəbələ dəmiryolunun stansiyasının açılması müsbət haldır:

"Turizm potensialını nəzərə alaraq yeni dəmiryolu xətti Qəbələyə daha çox turistlərin axınını sürətləndirəcək. Qəbələ dəmiryolu stansiyasından şəhərə qədər olan məsafədə avtobusların hərəkəti düzgün tənzimlənərsə sərnişinlərin rahat gediş gəlişini təmin edə bilər".



R.Ağamirzəyev Bakı-Qəbələ istiqamətində qatarların biletlərinin qiymətləri barədə öz proqnozlarını da əlavə edib.

"Rəsmi olaraq bu istiqamətdə sərnişinlər üçün gediş haqqı açıqlanmasa da, mənim proqnozlarıma görə Bakıdan Qəbələyə olan məsafə ilə Bakıdan Gəncəyə olan məsafə arasında ciddi fərq olmadığı üçün qiymətlər də eyni aralıqda ola bilər".

Qeyd edək ki, mayın 15-də Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Məlumat verilib ki, hazır vəziyyətə gətirilən Ləki stansiyası–Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometrdir. Ümumilikdə, layihə üzrə 122 süni mühəndis qurğusunun, Ağdaş dəmir yolu dayanacağının, Qəbələ Dəmir Yolu Vağzalının və stansiyasının, Qəbələ dartı yarımstansiyasının tikintisi, həmçinin Hacıalı yarımstansiyasının təmiri işləri yerinə yetirilib.















Aytən Zəhra
Azvision.az


Teqlər: Bakı-Qəbələqatarı  





Xəbər lenti