Füzulidə yeni yarımstansiyanın tikintisi başa çatır

Füzulidə yeni yarımstansiyanın tikintisi başa çatır
  21 May 2021    Oxunub:1732
Füzuli şəhərində yeni 110 kilovoltluq yarımstansiyanın tikintisi başa çatmaq üzrədir.
Bu barədə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev deyib.

TDT heyəti Füzulidə olub - FOTOLAR
Qurum rəsmisi bildirib ki, Füzuli rayonunun mərkəzində yeni tikilən yarımstansiya bütün əhəmiyyətli obyektlərlə yanaşı, əhalini də enerji ilə təmin edəcək. Fizuli şəhərində “Azərenerji” ASC tərəfindən yeni 110/35/10 kilovoltluq yarımstansiyanın tikintisi üzrə işlər yekunlaşmaq üzrədir. Yarımstansiya Füzuli şəhərinin mərkəzində inşa edilir, yaxınlığında yeni hava limanının inşa olunması stansiyanın əhəmiyyətini artırır. Ən yeni avadanlıqlarla təchiz edilən Füzuli yarımstansiyası SCADA Dispetçer sistemi vasitəsilə Azərbaycanın ümumi enerji sisteminə qoşulacaq.

“Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş bütün rayonlarda Füzuli rayonunda da yeni 110/35/10 kilovoltluq yarımstansiya inşa edilir. Füzuli rayonunda tikiləcək obyektlər, əhali və digər abonentlər, yaxınlıqdan keçən “Zəfər yolu” və digər strateji obyektlər Füzuli yarımstansiyasından qidalanacaq. Şükürbəyli yarımstansiyası tam yenidən qurulur. Qeyd edim ki, Şükürbəyli yarımstansiyası işğaldan azad edilən bütün rayonların elektrik enerjisi ilə təchizatında böyük rol oynayacaq. Belə ki, əksər yarımstansiyalar məhz buradan qidalanacaq. Füzuli yarımstansiyasına məhz Şükürbəyli yarımstansiyasından yeni 110 kV-luq elektrik verilişi xətti çəkilib. İşlər yekunlaşmaq üzrədir”, - deyə T.Abdullayev vurğulayıb.

Füzuli yarımstansiyasında işlərin ayyarım müddətində yekunlaşması planlaşdırılır.

Qeyd edək ki, hazırda işğaldan azad edilən rayonlarda ümumilikdə 9 yeni yarımstansiya tikilir.

Azvision.az


Teqlər: Füzuli   Azərenerji  





Xəbər lenti