Azərbaycan “yaşıl energetika” yarışına qoşulur – EKSPERT

   Azərbaycan “yaşıl energetika” yarışına qoşulur –    EKSPERT
  21 May 2021    Oxunub:2327
Azərbaycanda “Elektrik enerjisi istehsalında bərpa olunan mənbələrdən istifadə haqqında” qanun üzərində ciddi iş gedir. Artıq Milli Məclisin uyğun komitəsində layihənin müzakirəsi başlayıb.
- Bu, onu göstərir ki, ölkənin “yaşıl energetika”ya keçmək niyyəti kifayət qədər ciddidir və Azərbaycan getdikcə genişlənən dünya trendindən kənarda qalmayacaq,- deyə Ukrayna Ticarət Evinin baş direktoru, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə vəziyyəti şərh edərkən bildirib.- Qanun layihəsinə görə, 2030-cu ilə qədər ölkədə ümumi elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 30%-ə çatdırılmalıdır. Bu, çoxdur, yoxsa az?! Müxtəlif mənbələri ortaq məxrəcə gətirsək, hazırda dünyada “yaşıl energetika”nın payı 23-26 faizdir, 2025-ci ildə yuvarlaq 30%-ə çatacağı gözlənilir. Artımın 54%-i günəş, 31%-i isə külək enerjisinin payına düşəcək. Ən böyük artım Çində gözlənilir. Azərbaycan həmin səviyyəyə 5 il sonra çatmağı planlaşdırır. Bizdə “yaşıl energetika”ya keçidin yeni prioritet olduğunu nəzərə alsaq, 10 illik perspektivdə dünya üzrə orta göstəriciyə çatmaq, hətta ötmək də mümkündür. Yada salaq ki, dövlətimizin başçısı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlanan sənədi cəmi 3 ay əvvəl təsdiqləyib. “Yaşıl energetika”nın milli prioritetə çevrilməsi də məhz ondan sonra baş verdi.

Ekspert xatırladıb ki, dünyada energetikanın yaşıllaşmasını əngəlləyən əsas amillərdən biri ABŞ-ın əvvəlki prezidenti Donald Trampın “Paris anlaşması”ndan çıxması olmuşdu. Amma Cozef Bayden elə inauqurasiya andını içib, qurtaran kimi dərhal yenidən həmin Sənədə qoşuldu. Və planetdə energetikanın yaşıllaşması yeni sürət yığmağa başladı. Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına görə, gələn il dünyada 218 gigavatt gücündə bərpa olunan enerji mənbələri əsasında işləyən əlavə qurğular istismara veriləcək ki, bu da ötən illə müqayisədə 10% çoxdur: “Nəzərə almaq lazımdır ki, ayrı-ayrı ölkələr üzrə rəqəmlər xeyli fərqlənirlər. Avropa bu sahədə hamıdan qabaqdadır: Orada bərpa olunan mənbələrdən əldə edilən enerjinin miqdarı (38,2%) artıq kömür və qazdan alınan generasiyanı (37%) rəsmən üstələyib. Halbuki, Rusiyada bərpa olunan enerji mənbələrinə keçid proqramının birinci hissəsi hələ 2024-cü ildə başa çatacaq. Moody’s analitiklərinə görə, həmin müddətə ölkə energetikasının vur-tut 1%-i “yaşıllaşmış” olacaq. Qardaş Türkiyədə isə Böyük Britaniyanın "Ember" analitik mərkəzinin hesabatına əsasən, ötən il istehsal edilən ümumi elektrik enerjisinin 12%-i külək və günəşin payına düşür. “Yaşıl” enerjinin miqdarına görə Türkiyə G20 ölkələri arasında ABŞ, Fransa və Braziliya kimi nəhəngləri qabaqlayaraq, beşinci yerdə qərarlaşıb. Burada hidroelektrik enerjisinin payı 26% təşkil edir”.

İndi Azərbaycan da qardaş ölkə kimi bu ekoloji yarışın ilk sıralarına çıxmağa çalışır. Professorun sözlərinə görə, bizim azad edilən ərazilərimizdə bərpa olunan enerji mənbələrinin böyük potensialı var: “İlkin olaraq Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının ərazisində günəş enerjisinin ümumi potensialı minimum 4000 MVt qiymətləndirilir. Kəlbəcər və Laçın rayonlarının külək enerjisi potensialı minimum 500 meqavatdır. Azərbaycanın su ehtiyatlarının 25%-nin Qarabağda formalaşdığını nəzərə alsaq, bu, həm də böyük hidroenergetika potensialı deməkdir. Tərtər, Bazarçay, Həkəri kimi çaylar bizə təkcə su yox, işıq da verəcəklər.
Beləliklə, 2030-cu ilədək azad olunmuş ərazilərimizdə təxminən 1500 MVt həcmində “yaşıl energetika” gücünün yaradılması nəzərdə tutulur. Bu işə özəl investisiyaların da cəlb olunacağının elan edilməsi sahibkarlar üçün maraqlı imkan deməkdir. Hazırda bunun hüquqi tərəflərini tənzimləyəcək sənədlərin üzərində də iş gedir. Ümumiyyətlə, “yaşıl energetika”nın fərqli tərəflərindən biri də budur ki, o, orta sahibkarlıq üçün də cazibəlidir”.



Teqlər: Yaşıl-enerji  





Xəbər lenti