Azərbaycanla Britaniya arasında nəqliyyat müzakirəsi
Yüklərin və xidmətlərin sərbəst axınının təşkili və ixrac-idxal əməliyyatlarının asanlaşdırılmasında avtomobil nəqliyyatı ilə daşımaların əhəmiyyətinə toxunan R.Nəbiyev qeyd edib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Krallıq Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş” layihəsi, demək olar ki, tam razılaşdırılıb və onun növbəti yüksək səviyyəli səfərlər çərçivəsində imzalanması nəzərdə tutulur.
Nazir Azərbaycan hökumətinin ölkədə ekoloji təmiz nəqliyyatın təşviqinə xüsusi önəm verdiyini söyləyib: “2020-ci ilin avqust ayında Birləşmiş Krallıq istehsalı olan 100 ədəd “LEVC TX” markalı elektromobil alınaraq ölkəyə gətirilib və hazırda nazirliyin tabeliyindəki “Bakı Taksi Xidməti” MMC tərəfindən istismar olunur.
R.Nəbiyev, həmçinin bildirib ki, Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərdə və respublikanın digər bölgələrində “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin icrası zamanı Böyük Britaniya təcrübəsinin öyrənilməsində maraqlıdır.
Sonda nazir Bakıda təşkil olunmuş Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Krallıq Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının və britaniyalı nazir Qraham Styuartın keçirdiyi görüşlərin iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinə və qarşıya qoyulmuş məqsədlərə çatılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Azvision.az