Xanımlar 8 martda hansı hədiyyəni gözləyir? - Məşhurlar

Xanımlar 8 martda hansı hədiyyəni gözləyir? - Məşhurlar
  07 Mart 2014    Oxunub:6520
8 mart ölkəmizdə sevilən bayramlar sırasındadır. Təbii ki, daha çox qadınlar tərəfindən. Həmin günü gül mağazalarından tutmuş, geyim mağazalarına qədər insanlar arasında xoş bir qaynaşma olur. Hər bir qadın etiraf etməsə də, həmin günü bir cümlə xoş söz, bir gül və ya diqqət, qayğı gözləyir.

Biz də bəzi tanınmış qadınlarımız arasında “8 marta nə hədiyyə gözləyirsiniz?” sualı ilə sorğu keçirdik. Cavabları təqdim etməmişdən öncə bildirmək istəyirik ki, əziz kişilər, unutmayın, bayram günü göstərdiyiniz diqqət və qayğı yalnız simvolik əhəmiyyət daşıyır. İlin bütün günlərində xanımlarınızı sevin, qoruyun.

Firəngiz Mütəllimova, xalq artisti:

-Mənim üçün ən gözəl hədiyyə qızılgüldür. Bu hədiyyəni ən yaxınlarımdan gözləyirəm. Bacım , bacımın uşaqları , yeznələrim həmişə 8 martda məni güllərə qərq edirlər.

İradə Tuncay, “Ədalət” qəzetinin baş redaktoru:

-Bu qəlb rahatlığıdır. Onu isə hədiyyə etmək olmur.

Sevinc Çılğın, şairə:

-Heç nə gözləmirəm. Anam qızıl komplekt aldı. Zahir bəy də İsraildən gətirtdiyim kosmetika və ətirlərimin haqq-hesabını ödədi. Bəsimdir. Əvvəlcədən hədiyyələrimi təqdim ediblər deyə, heç kəsdən heç nə gözləmirəm.

Mirvari Qəhrəmanlı, QHT təmsilçisi

-Xoş sözlər. Həmişə gərginlikdə olduğum üçün,ən yaxşı hədiyyə xoş sözdür.

Sevinc Elsevər, yazar

- Bu sualı artıq mən cavablandırmışam Klara Setkinə həsr elədiyim şeirlə...

“bəzisi güc-bəla,
bəzisi şirin dillə,
hədiyyə alar sevgili kişilərdən...
bəzisi heç tük qədər sevinə bilməz...
çürük qoz belə gəlməz əlinə, gözü əllərdə qalar...

Klara bacı
hüquqlarını bilməyən
nə uğrunda vuruşduğun
vecinə olmayan qadınlar:
bu müəllimlər
analar, sevgililər
bacılar və ya tibb bacıları
hədiyyə qoparmaq uğrunda girər yarışa
kim bahalı hədiyyə aldı
kim daha dəyərli qadındı deyə...”

Amma yenə deyim. Əzizlərimin, tanıdıqlarımın xoş sözü, gülər üzü bəsimdi. Amma hədiyyə vermək istəyirlərsə, tamam kitab hədiyyə eləsinlər. Qadına, ümumiyytlə, insana ilin bir günü yox-bütün günləri dəyər vermək lazımdı. Qadınlar hədiyyə ovuna çıxmamalıdırlar. Xüsusən müəllimələr. 8 mart mənim üçün çox əhəmiyyətli gündü. Bu günün əhəmiyyətini endirir məncə qadınların hədiyyə gözləntiləri... Heç kim hədiyyə verməyə məcbur deyil. Heç bir kişi.

Sevinc Kərimova, jurnalist

- Hədiyyənın nə olmağı o qədərdə önəmli deyil. Əsas odur ki, hədiyyə qəlbən verilsin. Əlbəttə ki, hər bir xanımın sevib və sevmədiyi nələrsə var. Zinət əşyalarını və kosmetik vaistələri çox sevirəm. Bu səbəbdən öncə bu hədiyyələri gözləyirəm. Amma verilən digər hədiyyələr də mənim üçün əzizdir. Güllə təbrik edilmək mənim üçün çox önəmlidir. Dünən ilk hədiyyəmi atamdan almışam.

Aytən Əliyeva, jurnalist

- Qadın o qədər şey istəyir ki... Amma ən çox istədiyim, yoldaşım bir gününü tamamilə mənə həsr etsin, səhərdən axşamacan onunla birlikdə gəzim, əylənim hədiyyəmi də alım.

Fərəh Sabirqızı, jurnalist

- Həmin ərəfədə mənə ən çox lazım olan hədiyyəni. Məsələn, indi yeni telefon yerinə düşərdi.

Əfruzə Ağayeva, jurnalist
- Sevgilimdən, romantik şam yeməyi. Xüsusi bəzədilmiş və öz əlləri ilə hazırladığı yeməklər. Romantik bir gecə.

Könül İbrahimova, jurnalist
- Şokolad səbəti istəyirəm, içində sevdiyim cürbəcür şokoladlar olsun.

Aynur Babasoy, jurnalist

-Malesef hədiyyə gözləmirəm, mənim ətrafımda xəsislər çoxdur. Amma bol-bol təbrik mesajı gözləyirəm. Facebbokda 5000 dostum var, indidən təbriklərini yazırlar. Hədiyyələrə o qədər də marağım yoxdur, kiçik bir hədiyyə də olsa xoş olar mənə.

Elnarə Xəlilova, müğənni:

- Gözləmirəm, ümumiyyətlə bayram əhvalında deyiləm.

Gülnarə Bağırova, tv işçisi:

- Çoxlu- çoxlu dibçək gülləri, ətirlər və s.

Sevda Güləhmədova, “Çox yaşa” verilişinin aparıcısı:

- Man, ümumiyyətlə 8 martı bayram kimi qəbul etmirəm.

Telli Pənahqızı, jurnalist:

- Baxır hədiyyəni verənə.

Oksana Rəsulova, rəqqasə:

- Sözün açığı, bilmirəm. Əslində qadın öz sevdiyi kişidən hədiyyə gözləməlidir, o da ki, məndə yoxdur.

İradə İsaq, telejurnalist:
- Maşın istəyərəm, amma alan olmayacaq, bilirəm.

İlhamə Qasımova, müğənni:

- Səyahətə getmək istərdim. Bu dəfə istədiyim hədiyyədir, amma ürəyimdə...Belə də ki, bir gündən asılı olmağı istəməzdim. Məncə hədiyyə və ya çicək qadınlara bayramdan asılı olmayaraq hər bir vaxt verilə bilər.

Aytən Səfərova, teleaparıcı:

- Diqqət gözləyirəm. Diqqət qadın üçün ən dəyərli hədiyyədir və bu hədiyyə digərlərindən fərqli olaraq, pulsuzdur. Onu qadına bağışlamaq kişinin cibindən yox, ürəyindən və onurğasının iliyindən gəlməlidir.

Elnarə Təhməzova, teleaparıcı:

- Öncə bütün xanımları təbrik edirəm! Tez- tez hədiyyələr aldığım üçün özəl günlər olduğunu unuduram.

Aybəniz Həşimova, müğənni:

- Artıq 10 ildir ki, mən 8 mart bayramını qeyd etmirəm, çünki, atamın dünyadan gedən günüdür.

Qənirə Ataşova, telejurnalist:

- Mən, ümumiyyətlə hədiyyə gözləmirəm.

Lalə Məmmədova:

- Hər bir qadın kimi diqqət, qayğı və əlbəttə ki, gül.

Mirvari Nəcəf
Səbinə Məmmədova
AzVision.az





Teqlər:  





Xəbər lenti