Baltikyanı ölkə rəhbərlərindən Belarusa qarşı çağırış

 Baltikyanı ölkə rəhbərlərindən Belarusa qarşı çağırış
  24 May 2021    Oxunub:881
Baltikyanı ölkələrin prezidentləri Minskdəki “Ryanair” şirkətinə məxsus təyyarə ilə əlaqədar hadisədən sonra Belarusla hava sahəsinin bağlanmasına və bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsinə çağırıblar.
Azvision.az xəbər verir ki, bu barədə Estoniya prezidentinin ofisi məlumat yayıb.

Estoniya Prezidenti Kersti Kalyulayd Latviya və Litvadan olan həmkarları Eqils Levits və Qitanas Nauseda ilə danışıqlar aparıb.

“Üç Baltikyanı ölkənin prezidentləri qaçırılan sərnişinin təcili olaraq sərbəst buraxılması, beynəlxalq uçuşlar üçün Belarus hava sahəsini bağlamaq və bu ölkə ilə hava əlaqəsini dayandırmaq, həmçinin sərt və təsirli sanksiyalar tətbiq etmək barədə fikirlərini bölüşüblər”, - açıqlamada vurğulanıb.

Estoniya lideri hesab edir ki, təyyarənin qaçırılması dövlət terrorudur.

Xatırladaq ki, mayın 23-də Afinadan Vilnüsə uçan “Ryanair” təyyarəsi göyərtədə bomba olması ilə bağlı xəbərə görə təcili Minskə eniş edib. Bomba barədə məlumat təsdiqlənməyib.

Belarusda ekstremist kimi tanınan “NEXTA” Telegram kanalının qurucusu Roman Protaseviç təyyardə olub və o, eniş zamanı saxlanılıb. Aviaşirkət təyyarənin Belarus hava hərəkəti nəzarətçilərinin təlimatı səbəbiylə təcili eniş etdiyini açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti