Avstraliya Əfqanıstanda diplomatik nümayəndəliklərini bağlayır

Avstraliya Əfqanıstanda diplomatik nümayəndəliklərini bağlayır
  25 May 2021    Oxunub:904
Beynəlxalq hərbi kontingentin Əfqanıstandan çıxarılması ilə əlaqədar olaraq, Avstraliya Kabildəki missiya və səfirliyinin işini müvəqqəti dayandıracaq.
Azvision.az xəbər verir ki, bu barədə Avstraliya hökumətinin başçısı Skott Morrison bildirib.

Onun sözlərinə görə, diplomatik nümayəndəliklər 28 may tarixində bağlanacaq. Bununla belə, qonşu ölkələrdəki Avstraliya Xarici İşlər Nazirliyinin əməkdaşları mütəmadi olaraq Əfqanıstana səfər edəcəklər.

“Beynəlxalq kontingentin, o cümlədən Avstraliya silahlı qüvvələrinin Əfqanıstandan çıxarılması ölkədəki vəziyyətə mənfi təsir göstərəcək. Diplomatik nümayəndəliklərin işi üçün təhlükəsiz şəraiti təmin edə bilməyəcəyik”, - hökumət rəhbəri əlavə edib.

Morrison bildirib ki, Kanberra Əfqanıstanda sülh və sabitliyi dəstəkləmək üçün kömək göstərməyə davam edəcək.

Xatırladaq ki, aprelin sonunda Ağ Ev Amerika qoşunlarının Əfqanıstandan çıxarılmağa başlanmasını təsdiqləyib. Şimali Atlantika İttifaqı da qüvvələrini bu ölkədən geri çəkməyə başlayıb.

Qoşunların çıxarılmasının ABŞ-da baş verən terror hücumlarının 20-ci ildönümündə, yəni 11 sentyabr tarixinə qədər sona çatması planlaşdırılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avstraliya   Əfqanıstan  





Xəbər lenti