Ərdoğan, yoxsa Kılıçdaroğlu? Kim qalib gələcək
Ekspertlər hesab edirlər ki, əsas strateji bölgələrdə ana müxalifət partiyası olan CHP qələbə qazana bilər. Siyasi proseslərin fonunda Türkiyədə Ərdoğan iqtidarının seçkiqabağı xeyli zəiflədiyini sezilir. Baş nazir Ərdoğanın bir neçə gün öncə verdiyi bu bəyanat: “Seçkidə qalib gələ bilməsək siyasətdən gedəcəyəm” mövcud hakimiyyətin zəiflədiyinə bir mesajdır. Bu baxımdan bələdiyyə seçkilərində müxalifət partiyalarının seçkidə qalib gəlmə ehtimalına ümid artıb.
İlk olaraq 2013-cü il dekabrında keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatlarını, bu əməliyyatda nazir övladlarının həbs edilməsini qeyd etmək olar. Daha sonra isə bu əməliyyat barədə göstəriş verən prokurorların vəzifə yerinin dəyişdirilməsi uzun müddət müzakirə mövzusu oldu. Son olaraq isə baş nazir Rəcəb Tayyib Ərdoğanın səs yazılarının yayılması da gündəmin əsas müzakirə mövzusu oldu. Belə olan halda hakim Ədalət və İnkişaf Partiyasının seçkilərdə qalib olub-olmayacağı sualı yaranır.
Politoloq Elman Nəsirli AzVision.az-açıqlamasında Türkiyədə baş tutacaq seçkiləri şərh edərkən deyib ki, bu bələdiyyə seçkilərində hakim partiyanın qalib gəlmə şansı azdır:
“Çünki 2013-cü ilin dekabrın 17-də keçirilən əməliyyatdan sonra yaranan rüşvət qalmaqalından sonra hakim partiyaya xeyli ziyan dəyib. Hakim partiya olan Ədalət və İnkişaf Partiyasının mövqelərində zəifləmə tendensiyası özünü göstərib. Belə olan təqdirdə ən çox diqqəti cəlb edən məqamlardan biri odur ki, hakim partiyanın bələdiyyə sədri vəzifəsinə namizəd təqdim etdiyi bir çox şəxs artıq partiyadan çıxıb. Bu anda başqa bir məqam da diqqəti cəəlb edir. Belə ki, ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, əgər bu seçkidə onun partiyası qalib gəlməsə, o, böyük siyasətdən gedəcək. bu da seçkiyə diqqəti və seçki ətrafında olan ajiotajı gücləndirir. Bu məsələlərdə qəti mövqe söyləmək çətindir. Yəni dəqiq demək olmaz ki, AKP bu il qalib gələcək, yaxud da qalib gəlməyəcək”.
Politoloq hesab edir ki, partiyanın mövqelərindəki zəifləmə özünü böyük şəhərlərdə daha çox göstərir, nəinki əyalətlərdə: “Böyük şəhərlərdə hakim partiyanın mövqeləri zəifləsə də eyni tendensiyanı əyalətlərə aid etmək çətindir. Düzdür, əyalətlərdə də rüşvət qalmaqalından sonra müəyyən inamsızlıq toxumu səpildi, amma bu, o səviyyədə deyil ki, əyalətlərdə hakim partiyanın qəti şəkildə möəğlub olacağı haqqında fikir söyləmək olsun”.
Türkiyədə 17 dekabr rüşvət qalmaqalından sonra baş nazirin səs yazılarının yayılması da bir müddət gündəmdən düşməmişdi.
Elman Nəsirov qeyd edir ki, siyasi qalmaqala səbəb olan faktlar böyük şəhərlərdə daha çox müzakirə olundu. Əyalətlərdə isə çoxları inanır ki, həmin səs yazıları antiərdoğan qüvvələri tərəfindən hazırlanmış oyundur”.
Bu il Türkiyədə baş tutacaq bələdiyyə seçkilərinin bir əhəmiyyəti də budur ki, onun ardınca prezident seçkiləri gəlir. Politoloq bu fikirdədir ki, bələdiyyə seçkilərində qalib gələcək tərəfin prezident seçkilərində qalib gəlmə şansı artacaq: “Hesab etmək olar ki, bələdiyyə seçkilərində qalib gələn tərəfin prezident seçkilərində qalib gəlmək şansı təxminən bərabər olacaq. Ona görə də bu seçki Türkiyənin həyatında çox böyük əhəmiyyət kəsb edən siyasi hadisə olacaq. Hakim Ədalət və İnkişaf Partiyası bu seçkiyə əvvəlki kimi monolit qüvvə ilə getmir. Qüvvələrdə sapmalar var”.
Qeyd edək ki, hazırki siyasi durumda Türkiyədə əsas rəqabət AKP ilə CHP arasında gedir. MHP isə bu iki partiyanın fonunda 3-cü marafonda iştirak edir.
Fatimə Kərimli