Bərdə - Ağdam yolunun tikintisinə başlanılıb - FOTOLAR

 Bərdə - Ağdam yolunun tikintisinə başlanılıb -  FOTOLAR
  26 May 2021    Oxunub:2262
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri Bərdə-Ağdam avtomobil yoludur.
Azvision.az xəbər verir ki, başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 kilometr təşkil edəcək. Dövlətimizin başçısının tapşırığına əsasən, Bərdə-Ağdam avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Artıq Bərdə-Ağdam avtomobil yolunun 14-21 və 35-41-ci kilometrlik arasında olan hissələrində tikinti işlərinə başlanılıb.



İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “54 N-li Yol İstismarı” MMC ilə subpodratçı şirkət olaraq yol tikintisi sahəsində ixtisaslaşmış yerli şirkət olan “Körpü-Bina-Tikinti” MMC birgə icra edir. Hazırda avtomobil yolunun yuxarıda qeyd edilən hissələrində torpaq işləri görülür.



Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun ərazilərdən asılı olaraq 18.5, 21.5 və 26.5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib. Qeyd edək ki, avtomobil yolunun 14 kilometrlik hissəsi Bərdə şəhəri və bir neçə yaşayış məntəqəsinin daxilindən keçir.



Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə 79 dairəvi suötürücü boru, 5 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçid, o cümlədən 2 yeni avtomobil körpüsünün və bir yol ötürücünün inşası planlaşdırılır. Körpülərin biri 1 aşırımlı olmaqla uzunluğu 18,2 metr, biri 3 aşırımlı olmaqla uzunluğu 91,3 metr təşkil edəcək. Həmçinin uzunluğu 32,2 metr olan yol ötürücünün inşası da nəzərdə tutulub ki, artıq sözügedən yolun 25 və 40-cı kilometrlik hissəsində yerləşən 18,2 metr uzunluğa malik 1 aşırımlı körpünün və 32.2 metrlik yol ötürücünün inşasına başlanılıb.



Qeyd olunan ərazilərdə körpü və yo ötürücüsü üçün svay qazılma işləri və dayaqların inşası həyata keçirilir. Digər uzunluğu 32,2 metr olan 3 aşırımlı körpünün inşası isə hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılır. Bundan başqa, 1-ci texniki dərəcəli avtomobil yolu boyunda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə 8 nöqtədə geri dönmə hissələr təşkil ediləcək, 24 yerdə avtobus dayanacaqları inşa olunacaq.



Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilir. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulur. Tikinti işləri tərtib edilmiş qrafikə uyğun olaraq “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti ilə həyata keçirilir. Mütamadi olaraq agentliyin rəhbərliyi Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan genişmiqyaslı tikinti işləri ilə yerindəcə tanış olur, tikinti işləri ilə bağlı tapşırıq və tövsiyələrini verir.



Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edəcək. Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Azvision.az


Teqlər: Yol   Ağdam  





Xəbər lenti