Zərif İran-Naxçıvan-Ermənistan dəmir yolundan danışdı

Zərif İran-Naxçıvan-Ermənistan dəmir yolundan danışdı
  26 May 2021    Oxunub:1463
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan sərhəd məsələsindən danışıb və Ermənistanın böhranın həlli üçün siyasi, diplomatik metodlar tətbiq etdiyini vurğulayıb.

O deyib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşları böhranın ilk günlərindən İrəvanı məsələni diplomatiya yolu ilə həll etməyə çağırıb.

Paşinyan bildirib ki, İranla münasibətlər Ermənistan üçün strateji əhəmiyyətə malikdir. İqtisadi gündəliyə toxunan Paşinyan, İranla sərhəddə yerləşən Sünik (Zəngəzur - red.) bölgəsində İranla sərhəddə azad ticarət zonasının yaradıldığını, lakin pandemiyaya görə hələ tam gücü ilə fəaliyyətə başlamadığını, bunun iqtisadi əməkdaşlığı artırmaq üçün vacib bir platforma ola biləcəyini söyləyib.

İran diplomatiyasının rəhbəri öz növbəsində Tehranın həmişə dövlətlərin ərazi bütövlüyünün, suverenliyinin qorunması və böhranların sülh yolu ilə həll olunmasında israr etdiyini vurğulayıb. Onun sözlərinə görə, İslam Respublikası beynəlxalq hüquqa böyük əhəmiyyət verir.

Zərif koronavirus pandemiyasından sonra ölkələrin ikitərəfli iqtisadi əməkdaşlığı gücləndirə biləcəklərinə inamını ifadə edib. Onun fikrincə, Mehridəki sərbəst ticarət zonası, eləcə də İran-Naxçıvan-Ermənistan dəmir yolunun olması hər iki ölkə üçün son dərəcə effektiv ola bilər.

"Ümid edirəm ki, yaxın gələcəkdə Sünikdə fəal iştirakımızı təmin edəcəyik. Həmkarımla strateji dialoq apardım. İlk fürsətdə təmsilçimiz bu dialoqu davam etdirmək üçün Ermənistana gələcək", - Zərif əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MəhəmmədCavadZərif   İran  





Xəbər lenti