Erməni deputat Azərbaycan kəndlərini xarabalığa çevirdiklərini etiraf etdi

 Erməni deputat Azərbaycan kəndlərini xarabalığa çevirdiklərini etiraf etdi
  26 May 2021    Oxunub:2846
Ermənistan parlamentinin hakim "Mənim addımım" fraksiyasını təmsil edən deputatı Vahe Qalumyan növbəti dəfə diqqətçəkən açıqlama verib.

Azvision.az xəbər verir ki, yerli media iqtidar deputatını Azərbaycanın maraqlarına uyğun fikirlər səsləndirməkdə ittiham edir.
Belə ki, Nikol Paşinyanın övladının xaç atası olan Vahe Qalumyan işğalda saxladıqları (Qazaxın işğal altında olan 7 kəndi -red) Azərbaycan kəndlərini xarabalığa çevirdiklərini etiraf edib: "O kəndlər xarabalığa çevrilib, dağıdılıb, yararsız vəziyyətə düşüb. Bura insansız məskənləri xatırladır".

Ermənistan mətbuatı deputatın fikirlərini sayıqlama kimi qiymətləndirib:

"Vahe növbəti dəfə Azərbaycanın xeyrinə danışmağa başlayıb. O açıq bəyan edir ki, Tavuş vilayətində kəndlər var ki, Azərbaycana aiddir. Qalumyan kəndlərin düşmənə verilməsini istisna etmir. Deputat hətta buranın yararsız olmasına söz ataraq kəndlərdə insanların məskunlaşmadıqlarını söyləyir. Paşinyanın yaxın dostu olan Vahe Nikolun "Şuşa darıxdırıcı və boz şəhər olub" dərsini yaxşı öyrənə bilib”.

Qeyd edək ki, Vahe Qalumyan bir neçə gün öncə oxşar mövzuda açıqlama vermişdi. O, "Tavuş bölgəsində bizim nəzarətimizdə olan Azərbaycan torpaqları var" deyərək gündəmə gəlmişdi. Paşinyanın ailəvi dostu Tavuşdakı Barxudarlı, Sofulu, Xremlu və Voskepar adlı kəndlərin xəritədə Azərbaycan ərazisi kimi qeyd olunduğunu diqqətə çatdırmışdı.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Deputat   Kənd  





Xəbər lenti