`Xalqın iradəsi` deməyin!

`Xalqın iradəsi` deməyin!
  08 Mart 2014    Oxunub:1054
Vüsal Məmmədov

Ukraynada gərginlik başlayandan bu yana diqqəti çəkən məqamlardan biri də Qərbin özünü orada necə aparmasıdır. Qərb, daha dəqiqi, Amerika və Avropa Birliyi Ukraynada çox açıq və kobud, saymazyana və cığal oynayırlar. Sanki öz həyətində qayda-qanun yaradan adam kimi davranırlar.
Bütün faktlar onu göstərir ki, Ukraynada baş verənlər xalqın iradəsi-filan yox, Amerikada yazılan ssenari ilə müəyyənləşir. Məsələn, bir müddət əvvəl Viktoriya Nulandın Cozef Payeta ilə qalmaqala səbəb olmuş məşhur telefon danışığında dediyi kimi, Yasenyuk baş nazir oldu, Kliçko isə hökumətdə yer almadı. Halbuki, `Maydan`ın iradəsinə qalsa, əksinə olmalı idi.

Demək, ortada hansısa mücərrəd kütləvi iradə yoxdur, sadəcə, qurulmuş planın həyata keçirilməsi prosesi gedir. Qəribədir ki, Nuland həmin danışıqda dediyi “Fuck the EU” sözlərinə görə Avropa Birliyindən üzr istəsə də, Ukraynadan üzr istəməyi lazım bilməmişdi. Halbuki, daxili işlərinə və taleyinə bu dərəcədə kobud müdaxiləyə görə məhz Ukrayna xalqından üzr istənilməli idi.

Viktor Yanukoviçin devrilməsi də həmçinin çox cığal və hətta həyasız oyunun nəticəsində baş verdi. Çünki prezident faktik olaraq, növbədənkənar seçkinin keçirilməsi də daxil olmaqla, müxalifətin, dolayısı ilə də onun arxasında dayanan qüvvənin bütün tələblərilə razılaşmışdı. Yəni Yanuikoviçin devrilməsi üçün heç bir siyasi və ya hüquqi əsas, səbəb, hətta bəhanə də yox idi.

Buna baxmayaraq, Kiyevdə müəmmalı snayperlər peyda oldu və insan ölümləri hadisələri yenidən qızışdırdı. Əslində bunun Yanukoviç hökumətinə heç bir dəxli yox idi və həm mitinqçiləri, həm də polis təmsilçilərini güllələyənlər eyni snayperlər olublar. Bu, Avropa Birliyinin yetkilisi Ketrin Eştonla Estoniyanın xarici işlər naziri Urmas Paetin bu həftə yayılan telefon danışığından da bəlli olur. Və yəqin, xüsusi deməyə ehtiyac yoxdur ki, onlar kimə işləyirdilər.

Yəni snayperlər onun üçün oyuna daxil ediliblər ki, əvvəldən tutulan plan pozulmasın və Yanukoviç nəzərdə tutulduğu kimi, getsin. Bu zaman insanların həlak olacağı isə planı quranları əsla maraqlandırmayıb. Və indi həmin snayperlərə görə Yanukoviçin özünü ittiham edirlər.

Siyasi leksikonda belə bir ifadə var ki, `prosesləri gizli əllər idarə edir`. Bu ifadə Ukraynada tətbiq oluna bilməz. Çünki prosesləri idarə edən tərəf özünü gizli saxlamaq üçün o qədər də narahatlıq keçirmir. Öz ədası ilə sanki, `bəli, bu, mənəm, və mən necə istəyirəmsə, elə də edəcəyəm, istəyimə də nail olacağam` mesajını verir.

Çexiyanın keçmiş prezidenti Vatslav Klausun sözlərilə desək, Ukrayna xalqı buna layiq deyil ki, onların ölkəsilə bu cür oynanılsın. O, Ukraynada yaşananları 1990-cı illərin əvvəllərində Yuqoslaviyada baş verənlərlə müqayisə edərək, xatırladıb ki, orada da o vaxt hadisələr kənardan idarə olunurdu.

`Məndə belə bir təəssürat yaranır ki, Amerikada hansısa böyük bir çəmənliyin arxasındakı laboratoriyada oranın əməkdaşları oturub, siçovulların üzərində olduğu kimi, eksperimentlər aparırlar` - bu isə Putinin sözləridir və onunla da razılaşmamaq mümkün deyil.

Qərbin Ukraynada bu cür saymazyana və kobud ağalıq etməyinin fonunda Rusiyanın hərəkətləri acız və belə demək yerinə düşürsə, `abırlı` görünür. Faktik olaraq, Moskva özünün tutduğu tərəfə əvvəl dəstək, sonra sığınacaq verməkdən, bir də Qərbin planlarınının ifşasına çalışmaqdam başqa heç nə etmədi. Ya da edə bilmədi. Yaxud, imkan verilmədi. Bəlkə də onu görə ki, qüvvəsini bunu edə biləcəyi yer – Krım üçün saxlayır.


Teqlər:  





Xəbər lenti