Ofeliya Sənani: “Sözün düzü, 80 il yaşayacağımı gözləmirdim” - MÜSAHİBƏ

  Ofeliya Sənani:  “Sözün düzü, 80 il yaşayacağımı gözləmirdim” -  MÜSAHİBƏ
  26 May 2021    Oxunub:4043
"Həyat yoldaşımı yada salanda çox pis oluram, ürəyim titrəyir"

Bu gün Xalq artisti Ofeliya Sənaninin doğum günüdür. 80 illik yubileyini qeyd edən tanınmış diktor özəl günü ilə bağlı təəsüratlarını Azvision.az-la bölüşüb.
- Kişilər haqqında "yaş kişinin var-dövlətidir" deyirlər. Bəs qadınlar üçün yaş nə deməkdir?

- Yaş ana sevincidir. İnsan sevinir ki, hələ də övladlarının, nəvələrinin yanındadır. Onların xeyirli və xoşbəxt günlərini görüb şad olur. Ona görə nə qədər çox yaşasan, əhəmiyyətli bir işdir. Həm də arzuların yerinə yetməsi deməkdir.

- Sizcə, qadınlar niyə yaşdan qorxurlar?

- Mən heç vaxt yaşdan qorxmamışam, əksinə sevinmişəm. Amma sözün doğrusu, mən 80 il yaşayacağımı gözləmirdim. Elə bilirdim ki, az yaşayacağam. Allah mənə kömək oldu, ömrüm uzandı.

- 80 yaşlı bir xanım həyatdan nə arzulayır?

- Əmin-amanlıq, sağlamlıq arzulayıram. Balalarımın xoşbəxtliyi mənim üçün vacibdir.

- Keçmişə boylansaq, hansı illərin xiffətini çəkərsiniz, xatirəsi sizin üçün əziz olar?

- Gənclik, ailə qurduğum illər mənim üçün çox əzizdir. Onda yoldaşım sağ idi, xoşbəxt idik, bir yerdə çalışırdıq, dərdin, qəmin nə olduğunu bilmirdik.

- Özəl gününüzdə ürəyinizin sarı simini nə tərpədər?

- Həyat yoldaşım Validi yada salanda çox pis oluram. Ürəyim titrəyir.

- Nəvələriniz varmı? Onlar size necə təbrik ediblər?

-Nəvələr də, nəticələr də var. Uşaqdılar, təbrik ediblər. Deyiblər, nənə, gözün aydın olsun, bu yaşa çatmısan.

- Təqaüdünüzü alanda onları görüm-baxım edirsiniz?

- Bəli. Ad günlərində iştirak edirəm, onlara paltarlar alıram.

- Bu gün aynanın qarşısına keçəndə özünüzə nə dediniz?

- Özümə dedim: "Sabahın xeyir, xeyirli günlər olsun”.

- Bu günü necə qeyd edəcəksiniz?

- Uşaqlarım məni qonaq dəvət edib. Ad günlərimi qeyd etməyi çox da sevmirəm. Həmişə bundan qaçıram.

- Bu il Qarabağ işğaldan azad olundu. Ömrün bu çağında belə bir tarixi hadisəni görmək yəqin ki, sizi də şad etdi.

- Əlbəttə. Bundan sonra həyatımız sakit keçsin, torpağımız işğal olunmasın. Müharibə günlərində gücüm təkcə göz yaşlarıma çatdı. Televizorun qarşısında ayaqüstə ancaq ağalayırdım. Şəhidlərin olması mənim ömrümü azaltdı. Böyük itki hiss etdim. Şəhid anaları elə bilməsin ki, təkcə onlar ağlayır. Biz də ağlayırıq. Onların dərdinə şərikik.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ofeliya-Sənani   Ad-günü  





Xəbər lenti