“Əsgərlərimizə atəş açılsa, yerindəcə məhv ediləcəklər”

“Əsgərlərimizə atəş açılsa, yerindəcə məhv ediləcəklər”
  27 May 2021    Oxunub:742
“Ermənistan bugünkü təxribatına layiqli cavab aldı. Əgər sərhəddə növbəti təxribatlara gedib, müqavimət göstəsələr, əsgərlərimizə atəş açılsa, onlar yerindəcə məhv ediləcəklər”.

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov deyib.
Deputat bildirib ki, əgər bundan sonra Ermənistan tərəfindən kimsə sərhədlərimizi keçib, təxribat əməlləri törətmək istəyəcəksə, dərhal həbs edilib, məhkəmə qarşısına çıxarılacaq:

“Bu məsələnin həllinin ayrı yolu yoxdur. O ki, qaldı Ermənistanın niyə belə bir həssas dönəmdə təxribata əl atmasına, hazırda İrəvanda vəziyyət gərgin olaraq qalır. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan seçki öncəsi rəqibləri tərəfindən tənqid atəşinə tulur. Siyasi qüvvələr onu dalana dirəyiblər ki, hökumət müqavimət göstərmir, Azərbaycan bölgədə nə istəyirsə, onu da edir və s. İndi görünür, hökumət bizim sərhədlə bağlı haqlı tələblərimizə “müqavimət” göstərmək istədi. Onun da nəticəsi bəlli oldu - təxribat törədənlər saxlanıldılar”.

Rasim Musabəyov deyir ki, belə gərgin situasiyada sülh müqaviləsinin imzalanması real görünmür. Sülh müqaviləsinə hazırlıq xeyli vaxt aparacaq:

“Gərək ilk növbədə qarşılıqlı olaraq ərazi bütövlüyü tanınsın və Ermənistan Qarabağdan birdəfəlik əl çəksin. İnanmıram ki, bu gün İrəvan belə addım atmaq üçün yetişib. Ancaq, bu prosesə doğru addım-addım yaxınlaşa bilər. Ortalıqda sərhədlərlə bağlı konkret təklif var. Üçtərəfli komissiya yaransın və keçmiş SSRİ sərhədləri əsasında dəqiqləşdirilmə aparılsın. Görünən odur ki, qarşı tərəf seçkiyə qədər sərhədlərlə bağlı məsələlərin reallaşdırılmasından boyun qaçırır. Amma Azərbaycan da öz mesajını verərək aşkar şəkildə deyir ki, sənin seçkin məni maraqlandırmır, konkret təklif var idi və siz də buna razılıq vermişdiniz. Ona görə də, tez bir zamanda, hansısa seçkini gözləmədən bu proseslərə başlanılmalıdır. Çünki Ermənistandakı daxili böhran kifayət qədər uzun müddət çəkə bilər. Yox, əgər məlum sənədlərə qol qoyub razılaşmaları reallaşdırmırsansa, biz birtərəfli qaydada öz qanuni sərhədimizi müəyyənləşdirəcəyik. Vəssəlam!”

Bundan əlavə, deputat regionda yeni nəhəng nəqliyyat dəhlizinin reallaşdırılmasını da xatırladıb: “Nəqliyyatla bağlı ortada mühüm razılaşma var. Ona görə də, Zəngəzur dəhlizi layihəsinin həllini tapacağını düşünürəm. Üçtərəfli komissiya yaranıb və nəqliyyat sahəsində aktiv işlər görülməlidir. Zənnimcə, sülhə doğru atılacaq növbəti addım bu ola bilər ki, diplomatik əlaqələr qurulsun. Qısası, hər nə təxribat olsa da, biz öz fəaliyyətimizi davam etdirəcəyik. Sülh isə qarşı tərəfdən asılı olacaq. Sadəcə bir məqamı yada salım ki, Yaponiya ilə Rusiya arasında bu günə kimi sülh müqaviləsi bağlanmayıb. Ancaq diplomatik əlaqələr, böyük ticari dövriyyə və digər müsbət tendensiyalar yaranıb. Düşünürəm ki, biz də addım-addım bu istiqamətdə irəliləyərək sülh müqaviləsi olmasa da, dövlətlərarası böyük sazişin imzalanmasına gəlib çıxa bilərik. İndiki halda rəsmi Bakının nələrisə gözləməsi mümkün deyil. Nəqliyyat dəhlizləri açılmalıdır, sərhədlər isə konkret şəkildə dəqiqləşdirilməlidir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Sərhəd   Deputat   Ermənistan  





Xəbər lenti