İsmayıllıda “KOB Dostu” fəaliyyətə başlayıb
Mövcud pandemiya qaydalarına uyğun olaraq məhdud sayda sahibkarın, yerli icra hakimiyyətinin və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, mikro, kiçik və orta biznes subyektləri “KOB Dostu”nun xidmətlərindən yararlana bilərlər. “KOB Dostu” İsmayıllıda və ətraf bölgələrdə biznesə başlamaq istəyən şəxslərə və sahibkarlara dövlət dəstəyi mexanizmlərinə və agentliyin xidmətlərinə uyğun olaraq müvafiq dəstəyi təmin edəcək. “KOB Dostu”, həmçinin sahibkarların maraqlarının müdafiəsi və onların qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində tədbirlər görəcək, sahibkarların ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənəcək. Sahibkarlara yerində dəstəyin təmin olunması üçün ölkənin digər şəhər və rayonlarında da KOB dostlarının fəaliyyətinin nəzərdə tutulduğunu vurğulayan Orxan Məmmədov sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov “KOB Dostu”nun fəaliyyətinin rayonda kiçik və orta sahibkarlığın inkişafında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni biznes sahələrinin yaranmasında əhəmiyyətli olacağını qeyd edib.
Sonra agentliyin fəaliyyətinə, “KOB Dostu” mexanizminə dair videoçarxlar nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, İsmayıllı rayonu üzrə “KOB Dostu” ofisi Gənclər Mərkəzində yerləşir. “KOB Dostu” ofislərində sahibkarlara xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. “KOB Dostu” ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyət göstərəcək.
Azvision.az
Teqlər: KOB