Ayvazyanın müəmmalı istefasının səbəbi: “Paşinyanla birgə xatırlanmaq istəmir”

Ayvazyanın müəmmalı istefasının səbəbi:  “Paşinyanla birgə xatırlanmaq istəmir”
  28 May 2021    Oxunub:907
“Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın istefası gözlənilən idi”.

Bunu Azvision.az –a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, hazırda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan müharibədən sonra onu zorən nazir təyin etmişdi:
Paşinyanın yol qorxusu - Baş nazir niyə helikopterlə gəzir?
“Çünki başqası yox idi, müharibədə ağır məğlubiyyətdən sonra Paşinyan üçün bu postda çalışmaq istəyən diplomat tapmaq çətin idi. Ermənistanın uzaq ölkələrindən birində səfir işləyən Ayvazyan razılaşdı. Ancaq az sonra bəlli oldu ki, o, Paşinyanla yola getmir. Misal üçün, Nikol Paşinyan müharibədən sonra açıqlamalarında bir qədər diqqətli olmağa çalışarkən, Ayvazyan Azərbaycan əleyhinə açıqlamalarda radikal ermənilərdən geri qalmırdı və bununla ümumi vəziyyəti gərginləşdirirdi. Ara Ayvazyan böyük ehtimalla istefaya gedəcəyini özü üçün bir müddət əvvəl müəyyənləşdirmişdi. Görünür, o gələcəkdə Paşinyanla birgə xatırlanmaq istəmir”.

Elxan Şahinoğlu hesab edir ki, Ayvazyanın Azərbaycandan şikayətlərinin və müxtəlif dövlətlərə yalvarışlarının da nəticəsi olmadı: “Ancaq Ayvazyanın bugünkü istefa qərarını verdiyi, yəni yazdığı istefa statusunun zamanı diqqətimi çəkdi. Deməli, Ara Ayvazyan axşam saat 8-də Hindistanın Ermənistandakı səfiri ilə, yarım saat sonra Avropa İttifaqının İrəvandakı təmsilçisi ilə görüşdü və bundan 20 dəqiqə sonra istefa verdiyini bəyan etdi. Sanki gün ərzində işlərini yekunlaşdırıb qapını çırptı.

Ən maraqlısı bundan sonrasıdır. Ermənistanda parlament seçkisinə cəmi 20-22 gün qalıb. Bu zaman kəsiyində Paşinyanın xarici işlər naziri postuna kimi təyin edəcəyi və kimin bu posta razılaşacağı maraqlıdır. Çünki gəmini tərk etmək istəyənlərin sayı artır”.

Oxşar xəbər:

Ara Ayvazyan vəzifəsindən istefa verdi

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Ayvazyan   İstefa  





Xəbər lenti