Moskva Suriyadakı seçkiləri Əsədin “böyük qələbəsi” adlandırdı

 Moskva Suriyadakı seçkiləri Əsədin “böyük qələbəsi” adlandırdı
  28 May 2021    Oxunub:822
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Suriyadakı prezident seçkilərini ölkənin suveren işi və daxili sabitliyi möhkəmləndirmək üçün atılan mühüm addım kimi qiymətləndirir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in açıqlamasında deyilir. Qeyd olunub ki, hazırkı prezident Bəşər Əsəd seçkidə böyük qələbə qazanıb.

“Suriyada növbəti prezident seçkiləri 26 mayda keçirildi. Səsvermə mövcud 2012-ci il Konstitusiyasının müddəalarına və milli qanunvericilik normalarına uyğun olaraq təşkil edilmişdir. Seçicilər üçün ölkənin bütün əyalətlərində 12 min seçki məntəqəsi, habelə Moskvadakı səfirlik, Sankt-Peterburqdakı Baş Konsulluğu da daxil olmaqla xaricdəki Suriya diplomatik nümayəndəliklərində 46 seçki məntəqəsi açılmışdır. Seçki prosesini izləmək üçün Federasiya Şurası və Dövlət Dumasının üzvlərindən və İctimai Palatadan ibarət Rusiya nümayəndə heyəti də daxil olmaqla bir sıra ölkələrdən müşahidəçilər var idi.

Seçkilərin nəticələrinə əsasən, hazırkı dövlət başçısı Bəşər Əsəd səsvermədə iştirak edən seçicilərin 95,1% -nin dəstəyini alaraq böyük qələbə qazandı", - XİN-in məlumatında vurğulanıb.

Əsədin rəqibləri - müxalifət təmsilçisi Mahmud Marayi və keçmiş dövlət naziri, Suriya parlamentinin üzvü Abdullah Abdullah sıralama ilə 3,3 və 1,5 faiz səs alıblar.

“SAR qanunvericiliyi əsasında dövlət qurumlarının normal fəaliyyət göstərməsini təmin etmək, xüsusilə terrorçulara qarşı davam edən silahlı mübarizə kontekstində bütün suriyalıların mənafeyinə uyğundur. Bu çərçivədə Xarici İşlər Nazirliyi bəzi Qərb paytaxtlarından seçkilər keçirilməzdən əvvəl onun qanunsuz olduğu barədə verilən açıqlamaları Dəməşqə qarşı kobud siyasi təzyiq elementi və Suriyanın daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir. Heç kimin suriyalılara dövlət başçılarını nə vaxt və hansı şərtlərlə seçməli olduqlarını diktə etmək hüququ yoxdur".

Xatırladaq ki, rəsmi məlumatlara əsasən, seçkilərdə ümumilikdə 14,2 milyon suriyalı, yəni 78,64 faiz seçici iştirak edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: prezidentseçkiləri  





Xəbər lenti