İran 30 ildən sonra ABŞ-a neft ixrac etdi

 İran 30 ildən sonra ABŞ-a neft ixrac etdi
  29 May 2021    Oxunub:1505
ABŞ 1991-ci ilin noyabrından bəri ilk dəfə İrandan neft idxal edib. Gündəlik orta tədarük 33 min barel təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Enerji Nazirliyinin enerji informasiya idarəsinin məlumatında deyilir.

Məlumata görə, sonuncu dəfə ABŞ İrandan 1991-ci ilin noyabrında neft idxal edib. Onda tədarük həcmi gündəlik 64 min barel təşkil edib. Eyni zamanda, 2020-ci ilin oktyabr ayında ABŞ İrandan gündəlik 36 min barel həcmində neft məhsulları idxal edib. Bu tədarüklər 1991-ci ilin dekabrından bəri ilk dəfə həyata keçirilib.

ABŞ Enerji Nazirliyinin məlumatına əsasən, 1973-1979-cu illər arasında İrandan mütəmadi olaraq neft və neft məhsulları idxal edilib. Sonra tədarüklər tədricən azalıb. 1988-ci ilin yanvarında İran ABŞ-a gündə yalnız 1000 barel neft və neft məhsulları tədarük edib, bundan sonra idxal 1991-ci ilin iyuluna qədər dayandırılıb. Daha beş ay ərzində İran ABŞ-a neft və neft məhsulları göndərib, sonra tədarük 2020-ci ilin oktyabr ayına qədər dayanıb.

Eyni zamanda, nazirliyin statistikasında 2002-ci ilin sentyabrından 2020-ci ilin sentyabrına qədər İrandan neft və neft məhsullarının tədarükü ilə bağlı məlumatlar qeyd edilməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Neft   İran   ABŞ  





Xəbər lenti