Arvadını qətlə yetirən hakim kimdir?

   Arvadını qətlə yetirən hakim kimdir?
  31 May 2021    Oxunub:3773
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Sabunçu rayonunda qətl törədilib.
İlkin məlumata görə, Fəqan Rövşən oğlu Əhmədov həyat yoldaşı Pərvanə Əhmədovanı odlu silahla güllələyərək öldürüb. Hadisəni törətməkdə şübhəli bilinən F.Əhmədov Sabunçu Rayon Məhkəməsinin hakimidir.

Baş Prokurorluğun Mətbuat xidmətindən hadisə ilə bağlı bildirilib ki, Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.



Qeyd edilib ki, mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Qətldə təqsirli bilinən 1976-cı il təvəllüdlü F.Əhmədov Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. O, 1994 - 2000-ci illərdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində məhkəmə iclas katibi, 2000 - 2007-ci ildə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi, 2008 - 2011-ci ildə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində böyük məsləhətçi, 2007-ci ildə Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasında vəkil (dövlət qulluğundan azad olunanadək vəkillik fəaliyyəti dayandırılıb) işləyib.

Bundan əlavə, F.Əhmədov 2011 - 2015-ci illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi, 2016-ci ildən indiyədək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

Azvision.az


Teqlər: Məhkəmə   Hakim  





Xəbər lenti