Atom bombası ilə kart oyunu: ABŞ nüvə sirlərini necə “qoruyur” – SENSASİYA

      Atom bombası ilə kart oyunu:    ABŞ nüvə sirlərini necə “qoruyur” –    SENSASİYA
  31 May 2021    Oxunub:1423
“Bellingcat” beynəlxalq araşdırma portalı ABŞ-ın Avropadakı nüvə başlıqlarının necə qorunması, daha doğrusu, qorunmaması ilə bağlı sensasion material yayımlayıb. Belə ki, ABŞ əsgərləri nüvə başlıqları ilə bağlı son dərəcə vacib məlumatları... uşaqlar üçün nəzərdə tutulmuş əyləncəli tədris kartlarının kombinasiyası şəkildə onlayn servisdə saxlayırmışlar!
- Nüvə sirlərini qoruyan əsgərlərin işi “ağırdır”,- “Bellingcat” yazır ,- Onların uzun və təfərrüatlı təhlükəsizlik protokollarını əzbər bilmələri tələb olunur. Amma canlarını əziyyətə verməmək və prosesi sadələşdirmək üçün onlar… hamının açıq istifadəsində olan öyrənmə kartları platformaslndan istifadə ediblər.

ABŞ-ın Avropadakı nüvə başlıqlarının hansı bazalarda saxlanılması hələ də gizli tutulur. Məsələ dəfələrlə müzakirəyə çıxarılıb, avropalı parlamentarilər dəfələrlə bəyan ediblər ki, xalq bu informasiyanı bilmək hüququna malikdir. Onlar bu gizli informasiyanı tələb edərkən, Amerika əsgərləri nüvə başlıqlarının nəinki yerini, hətta bütün digər informasiyaları – sayını, təhlükəsizlik kameralarının vəziyyətini, patrulların keçmə tezliyini, digər protokolları hamının gözü qabağında olan yerdə kodlaşdırıbmışlar.


Hərbçilərin jarqonunda xeyli özəl termin və abbreviaturalar var ki, nüvə silahlarının təhlükəsizliyinin qorunmasında onlardan istifadə edirlər. Onlayn mətnlər, hökumət tenderlərinin sənədləri, hətta Vikipedia məqalələri bəzi açar terminlərin mənbəyi ola bilir. Məsələn, nüvə silahlarının yerləşdiyi qorunan aviasiya sığınacaqları “PAS”, silahların saxlanması və təhlükəsizliyi sistemləri “WS3” adlanır. PAS-lar WS3-lərlə təchiz olunub və hər birinin zirzəmisində dördə qədər B61 termonüvə bombası saxanıla bilər.

Google-da sadəcə olaraq, “PAS”, “WS3” və “vault” (zirzəmi) kəlmələrini Avropada yerləşən aviabazaların adlarıı ilə birlikdə axtarışa yazanda bizə “Chegg”, “Quizlet”, “Cram” kimi əyləncəli-tədris kart oyunu platformalarına keçidlər verir.

Misal üçün, götürək Niderlanddakı Volkel Aviasiya Bazasını. Orada atom bombasının saxlanıldığı müxtəlif vaxtlarda sızmış gizli sənədlərlə təsdiqlənib. “Chegg” oyun platformasında “Öyrən!” başlıqlı 70 kartdan ibarət dəst bizə həmin bazada nə qədər nüvə başlığının olması, təhlükəsizlik sistemlərin vəziyyəti və zirzəminin parolu haqqında informasiya verir (Qara rənglə örtülmüş rəqəmlər “Bellingcat” tərəfindən hərbi sirri açmamaq məqsədilə gizlədilib):


Bu kart dəstlərindən ikisi 2019-cu ildə yaradılıb. Rəqəmlərdən göründüyü kimi, 11 WS3 zirzəmisindən beşi “HOT”, qalan altısı “COLD” statusundadır.
Daha 8 kartdan ibarət digər dəst isə İtaliyadakı Aviano aviabazasındakı nüvə silahları ilə bağlı həssas informasiyanı açıqlayır. Bu dəst “Cram” platformasında 2019-cu ildə yaradılıb.


“Bellingcat” kartları öyrənməklə müəyyən edib ki, ABŞ-ın İncirlik (Türkiyə), Ghedi (İtaliya), Büçel (Almaniya) və Kleine Brogel (Belçika) bazalarında nüvə başlıqları saxlanılır.
“Cram” platformasında 2014-cü ildə yaradılmış kart dəstlərindən biri sadəcə “Incirlik Job Knowledge” adlanır. Yəqin, heç kimin ağlına başqa şeyin gəlməməsi üçün…

Ümumilikdə ABŞ-ın Avropadakı bazalarının nüvə sirlərinin kodlaşdırıldığı 50-yə yaxın oyun kartı dəsti aşkarlanıb. “Bellingcat” bununla bağlı NATO və Pentagona jurnalist sorğusu göndərəndən sonra kartlar onlayn servislərdən yığışdırılıblar.

Bundan başqa, 2013-cü ildə ABŞ-ın Niderlandda yerləşən hərbi bazasının əsgərləri atom bombasının yanında çəkdirdikləri şəkli feysbukda da paylaşmışdılar.



Həmin şəkildəki bombanı B61 atom bombasının Vikipediadan götürülmüş rəsmilə tutuşduraq:



Bəli, amerikalılar nüvə sirlərini həqiqətən də çox möhkəm qoruyurmuşlar...

Tariyel Həsənov
Azvision.az


Teqlər:





Xəbər lenti