“Ağdamda ifamız Prezident üçün xoş oldu” - Nəzakət Teymurova

“Ağdamda ifamız Prezident üçün xoş oldu” -  Nəzakət Teymurova
  31 May 2021    Oxunub:3223
“Ağdama nə vaxt köçəcəyimiz önəmli deyil. Əsas olan torpaqlarımızın öz nəzarətimizdə olmasıdır. Evimiz nə zaman hazır olacaq, onda da gedəcəyik”.

Bunu Azvision.az-a Xalq artisti Nəzakət Teymurova deyib.
Bir neçə gün əvvəl Ağdamın bərpasının təməl daşının qoyulması mərasimində iştirak edən muğam ifaçısı 16 yaşında ayrıldığı yurdundan sevgi dolu danışıb:

“İlk addımlarımı orada atmışam. O torpaqdan enerji götürmüşəm, o torpağı sevərək böyümüşəm. Tez-tez yuxuda evimizi görürdüm. Gəzdiyim kəndin dağı, dərəsi, daşının altı da yadımda idi. Torpaqlarımız azad olunandan sonra mən yurdumuzu keçmiş olaraq görmürəm. Reallığa qayıtmışam. Daha xəyallarım orada gəzmir. Ağdama ilk addımı atanda, Uzundərəni keçəndə elə bil ki, iliyimdən bir sızıltı keçdi, hiss gəldi.

Məhz Respublika Günündə hörmətli Prezidentimizin ağdamlılarla görüşü bizim üçün şərəfdir, hörmətdir. Bundan böyük nə xoşbəxtlik ola bilər ki?! Çox sevincli günlər yaşayırıq. Ölkə başçımız Ağdamda təməl daşını qoydu. Biz qarabağlılar ömür boyu ölkə başçısına, ordumuza minnətdarıq. Şəhidlərin qarşısında baş əyirik. Onlar canlarını fəda edib bizi yenidən qarabağlı etdilər.

Ağdam azad olunana qədər Quzanlı kəndinə gedirdik. Oradan öz torpağımıza keçə bilmirdik. İndi isə ürəklə addımlayırıq. Bundan böyük qürur ola bilməz. Torpaq insanı özünə çəkir. Bizi o torpağa qovuşduranların qarşısında həmişə borcluyuq. Onlar torpağın sahiblərini yenidən özlərinə qaytardılar”.



N.Teymurova Prezidentin qarşısında həmkarları ilə birgə ifasından da söz açıb:

“Prezidentin qarşısında bədahətən oxuduq. Orada ifa heç nəzərdə tutulmamışdı. Güman etmirdik ki, oxuyarıq. Ürəyimizdən gəldi. Təməlqoyma yerində oxumağımız Prezident üçün xoş oldu.

Ağdamda evimizi axtara bilmədim. Minalı ərazilər olduğuna görə, o yerlərə keçməyə bizə hələ icazə verilmir. Kənardan baxdıq. Nə qədər minalanmış ərazini təmizləyiblər. Çox sürətli işləyirlər. Əsas odur ki, torpağımız öz nəzarətimizdədir. Nə vaxt ora köçəcəyimiz önəmli deyil. Öz torpağımızdır, haçan hazır olacaq, o zaman köçəcəyik. Tikinti aparılır, yol çəkilir. Baxdıqca fəxr edirsən ki, bu qısa müdətdə işləri necə çatdırırlar. Biz sənətçilər də dövlətimizin ətrafında birləşmişik. O yerləri əvvəlkindən də gözəl, cənnətə çevirəcəyik”.



Xəbər verdiyimiz kimi, 28 May - Respublika günündə Prezident İlham Əliyev Ağdama səfəri çərçivəsində şəhərin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib. Dövlət başçısı Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşərək, şəhərin baş planı və görüləcək işlərlə bağlı danışıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Nəzakət-Teymurova   Xalq-artisti   Ağdam  





Xəbər lenti