ÜST “Sinovac” peyvəndini təcili istifadə üçün təsdiqlədi

   ÜST “Sinovac” peyvəndini təcili istifadə üçün təsdiqlədi
  01 İyun 2021    Oxunub:1123
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin “Sinovac Biotech” şirkətinin COVID-19 əleyhinə “CoronaVac” peyvəndini təcili istifadə üçün təsdiqləyib.
Azvision.az xəbər verir ki, “CoronaVac” ÜST-nin COVID-19-a qarşı təcili istifadə üçün təsdiqlədiyi ikinci Çin peyvəndidir.

Bundan əvvəl “Sinopharm” şirkətinin peyvəndi ilə bağlı eyni qərar verilmişdi. Yeni qərar “CoronaVac” peyvəndinin COVAX təşəbbüsü çərçivəsində paylanmasına imkan yaradacaq.

Qeyd edək ki, “Sinovac” şirkətinin COVID-19 əleyhinə peyvəndi təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksindir. Bu peyvəndlərin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.

“Sinovac” şirkətinin peyvəndi Çin ilə yanaşı, dünyanın bir çox ölkəsində COVID-19 virusu əleyhinə vaksinasiyada istifadə olunur. Şirkət indiyədək 260 milyon doza “CoronaVac” peyvəndi istehsal edərək, yerli və xarici sifarişçilərə çatdırıb. Şirkət peyvəndə artan tələbatı nəzərə alaraq illik istehsal gücünü 2 milyard dozaya çatdırmaq üçün 3-cü istehsal xəttini istifadəyə verib.

Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən həyata keçirilən vaksinasiya prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndindən də istifadə olunur.

Azvision.az


Teqlər: ÜST  





Xəbər lenti