Bakı-Sumqayıt qatarında bank kartları ilə ödənişə başlanılır

Bakı-Sumqayıt qatarında bank kartları ilə ödənişə başlanılır
  02 İyun 2021    Oxunub:963
Bakı-Sumqayıt elektrik qatarında bank kartları ilə ödənişə başlanılır.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Azvision.az -a verilən məlumata görə, artıq Bakı və Sumqayıt şəhərləri arasında ən sürətli sərnişin daşımalarını təmin edən və sərnişinlərin geniş istifadə etdikləri Abşeron dairəvi dəmir yolunun bütün stansiyalarında ölkənin istənilən bankı tərəfindən buraxılmış kartların sahibləri üçün təmassız ödəniş etmək mümkündür. Sərnişinlər gediş haqlarını təmassız ödəniş kartları və üzükləri vasitəsilə rahat və təhlükəsiz ödəyə bilərlər.



Hazırda Abşeron dairəvi dəmir yolunun 14 stansiyasının hamısında hər iki istiqamətdə təmassız oxuyucu cihazları ilə təchiz edilmiş turniketlər quraşdırılıb.

Sözügedən layihənin bir hissəsi olaraq, dairəvi dəmir yolunun bütün stansiyalarında yerləşdirilmiş 27 biznes terminalı vasitəsilə sərnişinlər təmassız şəkildə əlavə ödəniş edərək biletlərin kateqoriyasını biznes klassadək yüksəldə bilərlər. Sərnişin tərəfindən ödənilən tarif məsafədən asılıdır – gediş haqqı sərnişinin keçdiyi stansiyaların sayına əsasən avtomatik hesablanır. Beləliklə, sərnişinlər gediş haqlarını tez, rahat və təhlükəsiz qaydada ödəyirlər. Nəqliyyat operatoru isə təmassız ödənişlər sayəsində sərnişinlərin qeydiyyatı və daşınması proseslərini optimallaşdırır, eləcə də əlaqədar xərcləri azaldır.



Bu mühüm infrastruktur layihəsi Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü və dəstəyi ilə həyata keçirilir. Layihənin icrası üçün əsas xidmət təchizatçısı olan “Azərbaycan Dəmir Yolları” QSC, layihənin ekvayeri Azərbaycan Beynəlxalq Bankı, ödəniş xidmətlərinin təchizatçısı IBA Group, sistemlərin inteqratoru və proqram təminatı idarəedicisi qismində RBC Consulting, bank prosessoru olan AzeriCard və texnoloji tərəfdaş qismində Visa öz səylərini birləşdiriblər.







Azvision.az


Teqlər: Bakı   Sumqayıt   Qatar   Bank   Kart  





Xəbər lenti