“Lukoil” “Dostluq” yatağının operatoru olmaq istəyir

“Lukoil” “Dostluq” yatağının operatoru olmaq istəyir
  03 İyun 2021    Oxunub:1506
Rusiyanın “Lukoil” neft-qaz şirkəti Xəzərin Azərbaycan və Türkmənistan sektorlarının sərhədində yerləşən “Dostluq” yatağının kəşfiyyatı və işlənməsi layihəsinə qoşulmaq üçün danışıqlar aparır, habelə yatağın operatoru olmaq niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov bildirib.

Onun sözlərinə görə, hazırda bununla bağlı danışıqlar gedir: “Biz bu prosesdə fəal iştirak edirik. Həm Türkmənistan Prezidentinə, həm də Azərbaycan Prezidentinə “Lukoil”u bu prosesə cəlb etdiyi üçün çox minnətdarıq. Növbəti hökumətlərarası razılaşma və PSA razılaşması hazırlanır. Bu layihənin operatoru olmaq istəyirik”.

Xatırladaq ki, Azərbaycan və Türkmənistanın dəniz sərhədində yerləşən "Dostluq" neft və qaz kondensatı yatağı 1986-cı ildə Azərbaycan neftçiləri tərəfindən kəşf edilib. Cari il yanvarın 21-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" imzalanıb.

Azvision.az


Teqlər: Lukoil   Dostluq  





Xəbər lenti