Azərbaycanda ilk teatr portalı açıldı

Azərbaycanda ilk teatr portalı açıldı
  10 Mart 2014    Oxunub:1172
Bu gün – 10 mart, Azərbaycanda peşəkar milli teatr sənətinin yaranmasının 141 yaşı tamam olur. Ötən ildən etibarən respublika Prezidentinin sərəncamı ilə teatr işçilərinin peşə bayramı dövlət səviyyəsində qeyd olunur. Elə bu gün Azərbaycanda teatr sənətinə həsr olunmuş ilk portalı fəaliyyətə başlayıb.
Azərbaycanda teatr sənətinə həsr olunmuş “TeatrPlyus” (www.teatrplyus.az) adlı yeni layihənin fəaliyyətində başlıca məqsəd, teatr sənətinin təbliği, ölkədə və dünyada baş verən teatr prosesinin fiksasiyası, eləcə də mədəniyyət və incəsənətin digər sahələrini əhatə edən məlumatları oxucularla bölüşməkdən ibarətdir.

Dünya təcrübəsi göstərir ki, teatr prosesini işıqlandıran dərgilər, o cümlədən elektron nəşrlər teatr sənətinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. Bu baxımdan dünya teatrının müsbət örnəklərindən faydalanaraq tərtib edilmiş “TeatrPlyus” portalı ölkəmizdə teatr jurnalistikası sahəsində mövcud boşluğun aradan götürülməsinə göstərəcəyi xidmətlərilə Azərbaycan teatrının inkişafında da müəyyən rol oynayacaq.

“TeatrPlyus” (www.teatrplyus.az) saytı fərqli, yaradıcı dizaynı ilə yanaşı, həm də yerləşdirilən materialların maraqlılığı, operativliyi və eksklüzivliyilə seçiləcək. Hərəkətli dizayn prinsipinə müvafiq hazırlanmış saytın yuxarı panelindəki elementlər, incəsənətin müxtəlif sahələrini simvolizə edir.

Adından da göründüyü kimi, veb-sayt təkcə teatr sənətini deyil, eyni zamanda bütünlükdə incəsənəti, mədəniyyəti əhatə edir. Saytın PLYUS bölməsində ədəbiyyat, kino, musiqi, təsviri sənət, turizm, şou-biznes sahələri üzrə də məlumatlar yerləşdiriləcək. Habelə, Multimedia bölməsi var ki, bu da istifadəçilərə teatr sənətinə dair nadir Audio, Video və Foto nümunələrilə tanlşlıq imkanı qazandırır.

Daim zənginləşəcək Kitabxana bölməsi isə sənətsevərlər üçün əsl hədiyyə hesab oluna bilər. Bu bölmədə teatr sənətinə, eləcə də mədəniyyətin digər sahələrinə həsr olunmuş azərbaycan, rus və ingilis dilində kitablar yerləşdirilib. Saytın mütəmadi şəkildə yenilənməsi və təkmilləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, gələcəkdə TeatrPlyus internet televiziyasının da yaradılması nəzərdə tutulub.


Teqlər:  





Xəbər lenti