Gürcüstan səfirliyi də Azərbaycana başsağlığı verdi

Gürcüstan səfirliyi də Azərbaycana başsağlığı verdi
  05 İyun 2021    Oxunub:801
Gürcüstanın Azərbaycandakı Səfirliyi Kəlbəcərdə minaya düşərək şəhid olan media nümayəndələrinin ailələrinə başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin “Facebook” hesabında paylaşım edilib.

“Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi 4 iyun tarixində Kəlbəcər rayonunda baş vermiş faciə ilə əlaqədar başsağlığı verir. Hadisə zamanı Azərbaycan mediasının iki üzvü və rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini həlak olublar. Azərbaycanın hər üç vətəndaşı tank əleyhinə minanın partlaması nəticəsində həlak olub. Gürcüstan Səfirliyi ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - deyə səfirliyin yaydığı məlumatda qeyd olunub.

Xatırladaq ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Azvision.az


Teqlər: Gürcüstan   Səfirlik  





Xəbər lenti