“Ukrinform” Kəlbəcərdəki mina faciəsini işıqlandırdı

“Ukrinform” Kəlbəcərdəki mina faciəsini işıqlandırdı
  05 İyun 2021    Oxunub:1004
Ukraynanın "Ukrinform" xəbər agentliyi dünən Kəlbəcərdə baş vermiş mina partlaması barədə məlumat dərc edib.
Azvision.az xəbər verir ki, məqalədə faciə nəticəsində iki jurnalistin və bir rəsmi şəxsin həlak olduğu yazılıb.

"Kəlbəcərdə 3 nəfər həlak olub, dörd nəfər isə yaralanıb. Rayona ezam edilmiş media işçilərinin olduğu avtomobil tank əleyhinə minaya düşüb. Nəticədə "AzTV"nin operatoru Sirac Abışov, "AzərTac" xəbər agentliyinin jurnalisti Məhərrəm İbrahimov və Kəlbəcər rayon başçısının Susuzluq kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar. Bundan əlavə, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Azərbaycan Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır", -məlumatda qeyd olunub.

"Ukrinform" həmçinin rəsmi Bakının "Ermənistanın ordusunun 1949-cu il Cenevrə Konvensiyasının tələbləri də daxil olmaqla beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan ərazilərinin minalaması vətəndaşlara qarşı cinayət əməllərinin davamıdır" bəyanatını da xatırladıb.

Sonda diqqətə çatdırılıb ki, Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağa dair üçtərəfli atəşkəs razılaşmasına uyğun olaraq Azərbaycanın nəzarətinə qaytarılıb.

"Azərbaycanın 2020-ci ilin noyabrında azad etdiyi Dağlıq Qarabağın bir hissəsinin minalardan təmizlənməsi prosesi ən azı 5-7 il çəkəcək",- deyə məqalədə mina təhlükəsinin miqyası barədə yazılıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mina   Kəlbəcər   Ukrayna  





Xəbər lenti