Paşinyan Şuşaya görə Qasparyanın həbsini istəyir

 Paşinyan Şuşaya görə Qasparyanın həbsini istəyir
  05 İyun 2021    Oxunub:1109
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Silahlı Qüvvələrin Baş qərargahının keçmiş rəisi, general-polkovnik Onik Qasparyanın 2020-ci ilin payızında Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı Şuşa şəhərini itirdikləri üçün məhkəmədə cavab verməli olduğunu bildirib.
Azvision.az xəbər verir ki, bu barədə o, Abovyanda tərəfdarları ilə görüş zamanı deyib.

“Onik Qasparyan Şuşanın itirilməsinə görə cavab verməlidir. Mənim qarşımda deyil, məhkəmə qarşısında. Necə ola bilər ki, Şuşaya yardım etməli olan qrup bir gün yarım gecikir?", - Paşinyan bildirib.

Qasparyan 2020-ci ilin sonunda Qarabağdakı döyüş əməliyyatlarının başlanğıcında Paşinyana müharibəni dayandırmağı tövsiyə etdiyini söyləyib.

Xatırladaq ki, fevralın 25-də Qasparyan və Ermənistan Silahlı Qüvvələrinin yüksək komandanlığı Paşinyanı istefaya çağırıb. Baş nazir bunun hərbi çevriliş cəhdi olduğunu söyləyərək Qasparyanın vəzifədən azad edilməsi ilə bağlı prezidentə təqdimat göndərib.

Martın 10-da Paşinyan Qasparyanın artıq vəzifəsindən azad olunduğunu elan edib, çünki prezident nəzərdə tutulan müddətdə onun vəzifəsindən azad edilməsi barədə fərmanı imzalamayıb və Konstitusiya Məhkəməsinə müraciət etməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti