“Əməkdaşlığımız bölgəni dəyişə bilər” – Çinli ekspert (MÜSAHİBƏ)

   “Əməkdaşlığımız bölgəni dəyişə bilər” –    Çinli ekspert (MÜSAHİBƏ)
  08 İyun 2021    Oxunub:5805
Bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında telefon söhbəti olmuşdu. Bildirilmişdi ki, Azərbaycan və Çin siyasi, iqtisadi, nəqliyyat-logistika sahələrində uğurla əməkdaşlıq edirlər.
Si Cinpin Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğunu vurğulayaraq, deyib ki, hər iki ölkə ənənəvi dostluğu inkişaf etdirir, əməkdaşlığı dərinləşdirir və qarşılıqlı dəstəyi artırır. O, Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini vurğulayıb.

Yeni mərhələdə Azərbaycan-Çin əlaqələrinin necə inkişaf edəcəyi, Zəngəzur dəhlizinin “Bir kəmər, bir yol” layihəsində hansı rolu oynayacağı və digər suallara cavab tapmaq üçün Azvision.az-ın rus versiyasının redaktoru Seymur Məmmədov Çin Xalq Respublikasının İctimai Elmlər Akademiyasının yanındakı “Bir kəmər, bir yol” Araşdırma Mərkəzinin baş katibinin müavini Süy Venxun ilə əlaqə saxlayıb.

Cənab Venxunun sözlərinə görə, Çin ilə Azərbaycan həqiqətən də yaxşı tərəfdaş və etibarlı dostdurlar.


- Gələn il Çin ilə Azərbaycanın diplomatik münasibətlər qurmasının 30 ili tamam olacaq. Bu müddət ərzində biz çox şeyə nail olmuşuq. Bundan sonra da ölkələrimiz arasındakı münasibətlər genişlənməkdə davam edərək, hər iki xalqa böyük fayda gətirəcək, - deyə Süy Venxun bildirib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarını azad edəndən sonra Güney Qafqaz dinc inkişafın yeni mərhələsinə daxil olub. Bu mərhələdə Bakı ilə Pekinin əməkdaşlığı, dostluğu bölgənin və dünyanın inkişafına təkan verə bilər. Çinli ekspertin fikrincə, regionun iqtisadi inkişafına daha çox diqqət ayrılmalıdır: “Bir kəmər, bir yol” layihəsinin çərçivəsində Çin və Avropa dünyanın iki əsas iqtisadi mərkəzi kimi qavranılır. Əgər bu iki mərkəzin münasibətləri sıxlaşacaqsa, onda Güney Qafqaz, xüsusilə də Azərbaycan Çin, Avropa, Rusiya, Afrika arasındakı əlaqələrdə vacib rol oynayacaqlar”.

Onun fikrincə, gələcəkdə biz müxtəlif sahələrdə böyük uğurlara nail olacağıq. Bakıya daha çox Çin şirkətləri gələcək və regionun iqtisadi inkişafına investisiya qoyacaqlar.

Azvision.az


Teqlər: Çin   Azərbaycan  





Xəbər lenti