38 yaşlı Rusiya vətəndaşı Masallıda 8-ci sinif şagirdi ilə nişanlandı

38 yaşlı Rusiya vətəndaşı Masallıda 8-ci sinif şagirdi ilə nişanlandı
  08 İyun 2021    Oxunub:2239
Masallı rayonunun Bədəlan kəndində 8-ci sinif şagirdi olan qızı 38 yaşlı kişi ilə nişanlayıblar. Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. Onun sözlərinə görə, 14 yaşlı məktəbli qız atası vəfat etdiyi üçün hazırda anası ilə birlikdə Bədəlan kəndində babasının evində yaşayır. Həmin qızın nişanlandığı Seymur adlı şəxs Rusiya vətəndaşıdır və orada sahibkarlıqla məşğul olur. O, evləndikdən sonra məktəbli qızı özü ilə birlikdə Rusiyaya aparmaq niyyətindədir.
Müzakirələrə səbəb olan mövzu barədə Azvision.az -a danışan K Ağazadə bildirib ki, məlumat ictimailəşəndən sonra hər iki tərəf Masallı rayon Polis Şöbəsinə dəvət olunub. Onlardan izahatlar alınıb, oğlan ailədən uzaqlaşdırılıb.

“O, bir daha qıza yaxın gəlməyəcək. Biz bu hadisəni işıqlandırmasaydıq, oğlan qızı götürüb Rusiyaya gedəcəkdi. Daxili İşlər Nazirliyi (DİN), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi, İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyaları bu işdə fəal olmalı, nəzarəti gücləndirməlidir.

İcra nümayəndəsi yalandan deyir ki, belə hadisə olmayıb. Mənim ona deyəcək sözüm var: "ayıb olsun”. Kənddə bir ağacı kəsəndə hamı bilir. Bu boyda nişan olur, siz onu bilmirsiniz? Mən gecə- gündüz həyəcan təbili çalıram.

Məktublarıma lazımsız cavablar verilir. Ona görə də sosial şəbəkələr vasitəsilə müraciətlərimizi edirik. Biz fakt ortaya qoyuruq, ictimailəşdiririk. Komissiya uşağı qeydiyyata alıb nəzarətdə saxlamalıdır. O uşaq təhsilini başa vurmalıdır və 18 yaşı tamam olana kimi ölkədə qalmalıdır”.



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Azvision.az-a bildirib ki, hüquq-mühafizə orqanları və rayon icra hakimiyyətinin nümayəndələri həmin ailədə olublar. Hər iki ailə məlumatlandırılıb ki, əgər toy mərasimi təşkil olunsa, qanunvericiliyə uyğun tədbir görüləcək.

"18 yaşadək bu toy başa tuta bilməz.Seymur adlı şəxs Rusiya vətəndaşı olduğu üçün Miqrasiya Xidmətinə də məlumat verilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Masallı rayon İcra Hakimiyyəti yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasına məsələnin nəzarətdə saxlamaları barədə müraciət olunub”, - deyə komitə rəsmisi vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Masallı   Nişan  





Xəbər lenti