Paşinyan günahını tanrının üstünə atdı

Paşinyan günahını tanrının üstünə atdı
  08 İyun 2021    Oxunub:1178
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan növbəti dəfə qəribə açıqlaması ilə gündəmə gəlib.
Azvision.az -ın məlumatına görə, Paşinyan növbədənkənar parlament seçkiləri öncəsi tərəfdarları ilə görüşündə Ermənistanda 2018-ci ildən, yəni onun hakimiyyətə gəlişindən sonra çox şeyin dəyişdiyini deyib. O, buna baxmayaraq, son bir il ərzində ölkəsinin uğursuzluqla üzləşdiyini söyləyib, gülməli səslənsə də, bunu tanrının Ermənistandan üz çevirməsi ilə əlaqələndirib.

“Ermənistanda xalqın gücünü bərpa etməliyik. Çünki biz sizdən aldığımız gücü qaytardıq. Bu müddət ərzində bəzi qüvvələr hakimiyyəti ələ keçirmək istədilər. Amma nəyin bahasına olursa-olsun hakimiyyəti qoruduq. Hakimiyyəti özümüz üçün saxlamadıq, sizin üçün qoruduq ki, bu gün sizə qaytara bilək. Bu gün meydandakı insanlar hakimiyyətdədirlər. 20 iyun tarixində daxili siyasi böhran məsələsini həll edən ilk siz olmalısınız. Ən çətin suallardan biri 2020-ci ildə niyə belə bir uğursuzluğa düçar olmağımızdır. Bunun üçün müxtəlif açıqlamalar ola bilər: siyasi, geosiyasi, iqtisadi, hərbi, mənəvi, psixoloji və s. Amma ağlıma belə bir fikir gəldi. Qəribə görünməsin, sadəcə bunu sizinlə bölüşürəm. Deyirəm, bəlkə tanrı 12-ci Məzmurdakı (Bibliyadan sitat-red.) kimi bizdən üz çevirdi"- Paşinyan çıxışında deyib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Paşinyan   Seçki  





Xəbər lenti