Şəhid ailələri və qazilərə dəstək: “Məşğulluq marafonu”na start verilir

Şəhid ailələri və qazilərə dəstək:  “Məşğulluq marafonu”na start verilir
  10 İyun 2021    Oxunub:2080
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibədə yaralanmış qəhrəmanlarımızın bütün sahələrdə dəstəklə təmin olunması üçün geniş miqyaslı işlər aparılır. Həmin vətəndaşların məşğulluğunun təminatı da aparılan işlərin əsas istiqamətlərindən biridir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az-a verilən məlumata görə, postmüharibə dövründə şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 6400-dən çox şəxsin məşğulluğuna dəstək göstərilib. Onlardan 4944 şəxs özünüməşğulluq proqramı ilə əhatə olunaraq, kiçik biznes sahələri yaradılıb, 500-ə yaxın şəxs münasib işlə, 1000-dək şəxs haqqı ödənilən ictimai işlərlə təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərə müraciət edərək onları bu istiqamətdə aparılan işlərdə sosial tərəfdaşlıq və milli həmrəylik prinsiplərini əsas tutaraq, daha yaxından iştirak etməyə çağırır.

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibədə yaralanmış qəhrəmanlarımızın məşğulluğuna dəstək olmaq istəyən işəgötürənlər bu məqsədlə mövcud və ya yeni yaradılmış vakansiyalar barədə məlumatları dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.

Növbəti mərhələdə işsiz və işaxtaran kimi “Məşğulluq” altsistemində qeydiyyatda olan şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər toplanmış vakansiyalar üzrə işlərlə təmin olunacaqlar.

Vətən uğrunda savaşlarda şəhid olmuş qəhrəmanlarımızın yaxınlarına, bu savaşlarda sağlamlıqlarını qurban vermiş qazilərimizin rifahına, o cümlədən məşğulluğunun təminatına dəstək verilməsi vətənpərvərlik təzahürü və dövlətin siyasətinə mühüm töhfədir. Hər bir işəgötürəni bu nəcib sahədə fəal olmağa səsləyirik.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

Azvision.az


Teqlər: Şəhid-ailəsi   Qazi   Məşğulluq  





Xəbər lenti