Ermənistan XİN-də böhran dərinləşir

  10 İyun 2021    Oxunub :409
 Ermənistan XİN-də böhran dərinləşir
Hökumət Ermənistan xarici işlər nazirinin müavini Armen Qevondyanın istefasını qəbul etmədi, çünki qurumda rəhbər vəzifəsini icra edəcək ən azı bir nəfər qalmalıdır.
Azvision.az xəbər verir ki, bu barədə baş nazirin müavini vəzifəsini icra edən Tiqran Avinyan deyib.

Daha əvvəl xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanın ardınca dörd nazir müavini istefa verib. Hazırda baş nazir funksiyası həvalə olunan Avinyan üç müavinin işdən azad edilməsi barədə sənəd imzalayıb, Qevondyanı isə saxlayıb.

Ayvazyanın son açıqlamasına və səsləndirdiyi problemlərə gəlincə, Avinyan qeyd edib ki, sərhəd gərginliyi ilə bağlı mayın 12-dən etibarən Təhlükəsizlik Şurasının iclasları keçirilib. Ayvazyan da vəzifəsinə uyğun olaraq həmin iclaslarda iştirak edib. Bütün əsas qərarlar bu iclaslarda verilib.

"Əminliklə demək istəyirəm ki, Təhlükəsizlik Şurasının bütün üzvlərinə qəbul edilən qərarlar barədə məlumat verildi".

Qeyd edək ki, mayın 31-də Xarici İşlər Nazirliyinin əməkdaşları ilə görüşən Ayvazyan qurumun milli və dövlət maraqlarına qarşı yönəlmiş təşəbbüsləri təsdiqləyə biləcəyinə dair şübhələrin qarşısını almaq üçün nazir postunu tərk etdiyini söyləyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: TiqranAvinyan   XİN   İstefa