ISESCO-nun sabiq rəhbəri II Qareginin Xankəndiyə səfərini pislədi

  10 İyun 2021    Oxunub :401
  ISESCO-nun sabiq rəhbəri II Qareginin Xankəndiyə səfərini pislədi
Ermənistan Katolikosu II Qareginin Xankəndiyə səfəri və onun dini qurum adından revanşist şüarlar səsləndirməsi, sülh və barışığa çağırmaq əvəzinə, nifrət və müharibə dilinin seçilməsi çox qəribədir.
Azvision.az xəbər verir ki, bu fikirlər ICESCO-nun sabiq baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tüveycrinin mövzu ilə bağlı açıqlamasında yer alıb. Açıqlamada, həmçinin deyilir: “Təəssüf ki, erməni kilsəsi tolerant və çoxmədəniyyətli Azərbaycandakı xristian dini məkanlarının təhlükə altında olması barədə saxta məlumatlar yayır. Bu, tamamilə yalandır, çünki ibadət azadlığı Azərbaycanın yüksək dəyər verdiyi xüsusiyyətlərdəndir.

Mən bu gerçəkliyin şahidi olan, Azərbaycanda kilsələrin, sinaqoqların necə hörmət edildiyini və qorunduğunu görən çoxsaylı beynəlxalq rəsmilərdən biriyəm və bu tolerant siyasətə görə hər zaman Azərbaycana, onun rəhbərliyinə minnətdarlığımızı və təşəkkürümüzü bildirmişik. Biz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Cənubi Qafqazın mədəni irsinin bərpası və qorunması üzərində fəal işləyirik”.

Əbdüləziz bin Osman əl-Tüveycri vurğulayıb ki, Ermənistanın dini qurumları tərəfindən irəli sürülən bu saxta ittiham erməni işğalından azad edilmiş ərazilərdə bir dənə salamat və təhqir edilməmiş məscid və İslam dini abidəsinin olmadığı bir vaxta təsadüf edir.

“Düşmən ritorikası və davranışı bölgə xalqları arasında inam və harmoniya mühiti yaratmağa kömək etmir, əksinə, daha çox ekstremizmə və nifrətə təhrik edir.

Sülh, mehriban qonşuluq və birgəyaşayış çağırışları əvəzinə, ölüm, işğal, işgəncə və şiddət çağırışları dini dəyərlərə ziddir”, - deyə ICESCO-nun sabiq baş direktoru bildirib.

Azvision.az

Teqlər: Qarabağ   ISESCO