Koçaryanın rüşvət şəbəkəsi: Seçicilər pulla ələ alınır

  Koçaryanın rüşvət şəbəkəsi:  Seçicilər pulla ələ alınır
  10 İyun 2021    Oxunub:1412
Ermənistanda növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası davam edir. Seçkiyə qatılan indiki və sabiq ölkə rəhbərləri qarşılıqlı ittihamlar, təhqir, şərəf və ləyaqəti alçaldan fikirlər səsləndirməklə kifayətlənmir, eyni zamanda seçiciləri rüşvətlə ələ almağa çalışırlar.
Artıq bununla bağlı müxtəlif məlumatlar yayılmaqdadır. Xüsusilə sabiq prezident Robert Koçaryanın seçicilərə pul payladığı barədə müxtəlif faktlar üzə çıxır.

Xatırladaq ki, 20 iyunda keçiriləcək erkən seçkilərdə əsas rəqiblər məhz baş nazir vəzifəsini icra edən Nikol Paşinyan və “Daşnaksutyun”la “Dirçələn Ermənistan” partiyalar blokuna rəhbərlik edən ikinci prezident Robert Koçaryan hesab olunur. Koçaryan Ermənistana rəhbərlik etdiyi 1998-2008-ci illərdə ölkədə sözün əsl mənasında cinayətkar xunta rejimi yaratmışdı. Onun hakimiyyəti dövründə Ermənistanda korrupsiya, qanunsuzluq, vətəndaşlara qarşı represiyalar geniş yayılmışdı. Bütün bunlar əlbəttə ki, yaxın tarixdir və Koçaryan demokratik yolla seçkilərdə qalib gələ bilməyəcəyinə əmin olduğu üçün həm qara piardan, həm də rüşvət amilindən geniş istifadə edir.

Əvvəlcə Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku Paşinyanı bu taktikadan istifadə etməkdə günahlandırırdı. Blokun seçki qərargahının nümayəndəsi Aram Vardavanyan bildirib ki, Sünik (Zəngəzur - red.), Qeqarkunik bölgələrindəki kəndlilərə subsidiyaları nəyə görəsə məhz indi paylamağa başlayıblar. Onun fikrincə, bu addım seçicilərin ələ alınması cəhdidir.

Lakin digər məlumatlara görə, seçicilərin rüşvətlə ələ alınması mexanizmini məhz Robert Koçaryan işə salıb. Belə ki, Koçaryan bu məqsədlə böyük vəsait ayırıb və onun adamları bölgələrdə görüşlər keçirərək, seçicilərə “Ermənistan” blokuna səs vermək üçün pul təklif edir.

Başqa bir məlumata əsasən, Koçaryan fəal şəkildə seçkilərə Qarabağda yaşayan erməniləri də cəlb edir. Rusiya sülhməramlılarının nəzarət zonasında olan erməni sakinlər Gorus şəhərinə aparılır və burada onlar seçici kimi qeydiyyata alınır. Əlbəttə, bu da təsadüfi hesab olunmur. Çünki uzun illər ərzində Koçaryan Serj Sarkisyanla birlikdə Ermənistanın siyasi quruluşunda Qarabağ klanına rəhbərlik edib. İşğal illərində Dağlıq Qarabağda yaşayan ermənilərin demək olar ki, hamısına qanunsuz olaraq Ermənistan pasportları verilib. Onlar indi də Ermənistan vətəndaşları hesab olunurlar. Beləliklə, Qarabağdakı ermənilərin Ermənistanda səs vermək imkanları var və Koçaryan bu fürsəti əldən vermək niyyətində deyil.

Siyasi polittexnoloq Karen Koçaryan deyir ki, seçicilərin pulla ələ alınması mexanizmi ölkə üzrə geniş yayılıb, lakin Ermənistanda bu taktika xüsusilə kobud şəkildə həyata keçirilir. O, seçicilərə pul paylama hallarının əvvəlki seçkilərdə də müşahidə edildiyini xatırladıb.

Şübhəsiz ki, Koçaryan maliyyə imkanlarına görə digər namizədlərdən üstündür. "Qarabağın səhra komandirlərinin klanı" 1998-ci ildən bəri hakimiyyətin korrupsiya piramidası sayəsində xeyli güclənib. Bundan əlavə, Koçaryan sistemli korrupsiya yolu ilə əldə etdiyi kapitalın böyük bir hissəsini Rusiyanın “Sistema” maliyyə şirkətinin səhmlərinə yatırıb və bu yaxınlaradək şirkətin direktorlar şurasının üzvü olub. Ermənistanın keçmiş prezidenti aktiv siyasətə qayıtdıqdan sonra, həm də qarşıdakı seçkilərdə iştirakına görə direktorlar şurasından istefa vermək məcburiyyətində qalıb.

Qeyd etdiyimiz kimi, Ermənistanda seçici səslərinin rüşvətlə alınması yeni metod deyil. Seçicilərin pulla alınması "təcrübəsindən" daha əvvəl iş adamı Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası da yararlanıb. Hətta Tsarukyan 2017-ci il parlament seçkilərində seçiciləri pulla ələ almaqda ittiham edilərək, həbs təhlükəsi ilə üzləşmişdi. Bu baxımdan Ermənistanda seçkiöncəsi rüşvət oyunu və saxtakarlıq halları ənənəvi hal alıb. Oxşar tendensiyalar bu gün də müşahidə edilir.

Görünən odur ki, seçki günü yaxınlaşdıqca Ermənistanda qanun pozuntularının, saxtakarlığın artacağı və seçki qarşıdurmasının şiddətlənəcəyi istisna deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKoçaryan   Ermənistan   Seçki  





Xəbər lenti