Avropa Şurası erməniləri məyus etdi: İrəvanın növbəti diplomatik məğlubiyyəti

  Avropa Şurası erməniləri məyus etdi:  İrəvanın növbəti diplomatik məğlubiyyəti
  12 İyun 2021    Oxunub:1806
Erməni siyasi şərhçi, "İnsight" Analitik Mərkəzin direktoru Anna Karapetyan ölkəsinin dünən növbəti dəfə diplomatik çöküşünün şahidi olduğunu bildirib.

Azvision.az xəbər verir ki, o, son siyasi prosesləri şərh edərkən Azərbaycanın aşkar şəkildə beynəlxalq arenada önə çıxdığını etiraf edib.
"Dünən ATƏT Daimi Şurasının iclasında Avropa Şurasının baş katibi şuranın Ermənistanla Azərbaycan arasında etimad tədbirlərini müzakirə etdiyini bildirdi. O, Avropa Şurasına üzv dövlətlərin müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdi. Kimin ərazi bütövlüyündən danışılır? Niyə Avropa Şurasının yüksək səviyyəli bir məmuru öz müqəddəratını təyinetmə hüququ demir, yalnız ərazi bütövlüyündən danışır?

Xatırladım ki, Ermənistan Avropa Şurasının tam hüquqlu üzvüdür, bu cür bəyanatlar göstərir ki, İrəvan bizim maraqlarımız və yanaşmalarımızı nəzərə almağa məcbur edəcək bir iş görmür", - siyasi ekspert Anna Karapetyan deyib.



Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Vyanada ATƏT-in Daimi Şurasında çıxışı zamanı deyib ki, “hazırda Dağlıq Qarabağ münaqişəsindən sonra Azərbaycan və Ermənistan arasında etimad tədbirlərini inkişaf etdirmək üçün dialoq mərhələsindəyik”.

O, həmçinin vurğulayıb ki, hökumətlər Avropa Şurasının təşkilata üzv dövlətlərin müstəqilliyini və ərazi bütövlüyünü tam və qətiyyətlə dəstəklədiyinin fərqindədirlər.

Xatırladaq ki, işğaldan öncə əksər hallarda beynəlxalq təşkilatlarda ərazi bütövlüyü ilə yanaşı xalqların öz müqəddəratını təyinetmə məsələsi də paralel olaraq gündəmə gətirilirdi. İndi bu mövzunun müzakirələrdən çıxarılması Ermənistanda məyusluq doğurub. Siyasi şərhçilər və politoloqlar bunu İrəvanın növbəti diplomatik məğlubiyyəti kimi qiymətləndirirlər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Avropa-Şurası   ATƏT  





Xəbər lenti