Ermənistanda seçki biabırçılığı: Söyüş və təhqirlər havada uçuşur

  12 İyun 2021    Oxunub :583
  Ermənistanda seçki biabırçılığı:  Söyüş və təhqirlər havada uçuşur
Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi siyasi gərginlik pik nöqtəyə çatıb.
Azvision.az xəbər verir ki, namizədlər opponentlərinin daha çox ailə məsələlərini gündəmə daşımaqla, söyüş və hədə dili ilə çıxış edərək, bu yolla seçki təşviqatlarında divident qazanmağa çalışırlar.

İş o yerə çatıb ki, bu gün Ermənistanın ombudsmanı ölkəsində seçki kampaniyaları ilə bağlı yol verilən qanunsuzluqların, təhqir və təhdidlərin dözülməz həddə olduğunu etiraf edib.

Ombudsman aparatının yaydığı bəyanatda deyilir ki, seçki barədə fikirlərini bildirən siyasətçilərə qarşı təhqir və zorakılığa son qoyulmalıdır.

"Seçki kampaniyasının qəzəbli və həyəcan təbili çalan təzahürlərindən biri də müxtəlif siyasi qüvvələrin tərəfdarlarının qarşı tərəfi dəstəkləyən və ya ona qarşı çıxan vətəndaşların foto və videolarını hazırlayıb yayması, təhqiramiz ifadələr, ədəbsiz sözlər və alçaldıcı ifadələrə yol verməsidir".



Bəyanatda, həmçinin bildirilir ki, seçkilərlə bağlı foto və videolarda təhqiramiz, ədəbsiz mesajlar yayımlanır. İnsan Hüquqları Müdafiəçisi Ofisinin araşdırmaları göstərib ki, sosial şəbəkələrdə bu cür xoşagəlməz görüntülər geniş vüsət alıb. Beləliklə, vətəndaşlar lağa qoyulur, kampaniyalar təhqir və nifrət çağırışları ilə müşayiət olunur, insanların ləyaqəti alçaldılır.

"Belə xoş olmayan hadisələrə son qoymağa çağırıram və seçki kampaniyasında iştirak edən bütün siyasi qüvvələr tərəfdarlarını təhqir, nifrət və alçaldıcı rəftardan çəkindirməlidir. Bu seçkilərin əsas hədəflərindən biri ölkədə həmrəyliyi bərpa etmək və qanunun aliliyini təmin etməkdir", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, seçkiöncəsi həm Serj Sarkisyan, həm Robert Koçaryan, həm də Nikol Paşinyan dəfələrlə təhqiramiz ifadələr və hədələrdən istifadə ediblər. Siyasi liderlər hətta ailə məsələlərini də gündəmə daşımaqdan çəkinmirlər.

Tural Tağıyev
Azvision.az

Teqlər: Seçki   Təhqir   Ermənistan  






Xəbər lenti