Koçaryanla Sarkisyan arasında kreslo davası - Yeni qalmaqal başlayır

  12 İyun 2021    Oxunub :776
 Koçaryanla Sarkisyan arasında kreslo davası -  Yeni qalmaqal başlayır
Ermənistanda siyasi qüvvələrin növbədənkənar parlament seçkilərinə hazırlaşması daha çox siyasi qalmaqallar və anormal hadisələrlə müşayiət olunur.
Azvision.az -ın məlumatına görə, vəziyyət o həddə çatıb ki, keçmiş dostlar belə hakimiyyət uğrunda amansız mübarizəyə girişiblər. Bu dəfə diqqətlər Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyan arasında kreslo davasına yönəlib.

"Artıq Ermənistanın ikinci və üçüncü prezidentlərinin həm hakimiyyət uğrunda, həm də bir-birinə qarşı barışmaz mübarizə apardığı təəssüratı yaranır. Robert Koçaryan blokda siyahıya başçılıq etdiyi üçün mübarizəyə şəxsən qoşulub və Serj Sarkisyan da son günlər rəqiblərinə qarşı şiddətli mübarizə sərgiləyir. Əslində bütün bunlar çoxlarını təəccübləndirir. Çünki Koçaryanın düşərgəsində Serj Sarkisyana qarşı müəyyən addımlar sezilir. Robertin komandasında müzakirə olunan məsələlərdən biri budur ki, Serj birincinin son siyasi mesajından məyus olub.

Koçaryan Aştarakda deyib ki, hakimiyyətə yiyələnəndən sonra 10 nəfərin Gümrüdən gəlib İrəvanda inqilab etməsinin necə baş verdiyini araşdıracaq. Təbii ki, bu incə nüans qarşı tərəfə toxunmaya bilməzdi, Koçaryanın keçmiş müttəfiqinin bu mesajdan (Bununla Serj Sarkisyanın ölkəyə rəhbərlik etdiyi vaxtda Nikol Paşinyanın inqilab etməsinə şərait yaratdığına işarə edir--red.) hiddətlənməsi normal haldır.

Maraqlıdır ki, bu xəbərdarlıq mesajının verilməsinin ertəsi gün Serj Sarkisyan şəxsən Nikol Paşinyanı amansızcasına tənqid edərək ifşa kampaniyalarında iştirak etməyə başladı. Görünən odur ki, yeni siyasi qüvvələri hakimiyyətə asan yolla ötürməkdə ittiham olunan Koçaryan inqilabçılarla qanlı bıçaq kimi olduğunu nümayiş etdirməyə çalışır", - erməni KİV-ləri Koçaryan-Sarkisyan qarşıdurması barədə yazıb.

Növbəti günlərdə eks-rəhbərlər arasında münasibətlərin daha da kəskinləşəcəyi gözlənilir. Bu isə ondan xəbər verir ki, nə Koçaryanı, nə də Sarkisyanı Ermənistanın acınacaqlı taleyi maraqlandırır, onların əsas məqsədi Nikol Paşinyanın əyləşdiyi kreslonu ələ keçirməkdir və bunun üçün bütün imkanlarını səfərbər ediblər.

Tural Tağıyev
Azvision.az

Teqlər: Koçaryan   Sarkisyan   Seçki   İnqilab  






Xəbər lenti