Sabah “Son zəng” belə qeyd olunacaq

   Sabah “Son zəng” belə qeyd olunacaq
  13 İyun 2021    Oxunub:2208
Sabah Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” qeyd olunacaq.

Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığını nəzərə alaraq 2020-2021-ci tədris ili üzrə “Son zəng” tədbirinin iyunun 14-də aşağıda göstərilən qaydalara əməl edilməklə təşkil edilməsinə icazə verilib:
- Tədbirin ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilməsi;

- Yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilməsi;

- 11-ci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilməsi.

Eyni zamanda, bildirilib ki, tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və sair) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.

Nazirlik bununla bağlı rayon və şəhər təhsil şöbələrinə müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirir. IX sinfi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.

2020-2021-ci tədris ilində respublika üzrə ümumi təhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub. 2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.

Azvision.az


Teqlər: Son-zəng  





Xəbər lenti