İran yeni rəhbərini seçir: Surpriz nəticələr ola bilər- ŞƏRH

  İran yeni rəhbərini seçir:    Surpriz nəticələr ola bilər-   ŞƏRH
  18 İyun 2021    Oxunub:2943
Bu gün İran İslam Respublikasında 13-cü prezident seçkiləri keçiriləcək.
Qanuna əsasən, ötən gün ölkə üzrə sükut günü idi. COVID-19 pandemiyası səbəbindən səsvermə sosial məsafə və gigiyenik tədbirlər gözlənilməklə keçiriləcək. Rəsmi məlumata görə, İranda 59 milyondan çox seçici var. Bu il 1 milyon 400 min nəfər səsvermədə ilk dəfə iştirak edəcək. İrandan kənarda yaşayan 3,5 milyon seçici isə ölkə xaricində səs verəcək. Maraqlıdır ki, seçki gününə kimi fəal olan bir sıra namizədlər geri addım atıblar. Belə ki, dünən seçkiyə bir gün qalmış iki namizəd iddiasından əl çəkdi. İranın Qum şəhərindən olan deputat və ölkə parlamentinin Araşdırma Mərkəzinin rəhbəri Əlireza Zakani Ali Məhkəmənin sədri İbrahim Rəisinin lehinə namizədliyini geri götürdü.



Bundan əvvəl isə “Tasnim” agentliyi İran parlamenti deputatlarının prezidentliyə namizəd olan bütün mühafizəkarları namizədliyini Rəisinin lehinə geri götürməyə çağırdığını bildirib. Müraciət “Sepah”ın sabiq komandiri Möhsen Rezai, İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Səid Cəlili, parlament sədrinin müavini Əmir Hüseyin Kazizadə Haşimi və Zakaniyə ünvanlanıb. İranın keçmiş vitse-prezidenti Möhsün Mehrəlizadə də namizədliyini geri götürüb. Beləliklə, islahatçı düşərgədən yalnız ölkənin Mərkəzi Bankının keçmiş başçısı Abdolnaser Hemmati kampaniyada iştiraka davam edib.Prezidentlik postu uğrunda 4 namizəd mübarizə aparır - Məhkəmə Hakimiyyətinin sədri İbrahim Rəisi, Məsləhət Şurasının katibi Möhsün Rzai, deputat Əmirhüseyn Qazizadə-Haşimi və Mərkəzi Bankın sabiq direktoru Əbdünnasir Himməti.



İrandakı seçkiləri Azvision.az –a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, əslində namizədlərin ələnməsi boşuna yaranmadı: “Bu günlərdə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə Şuşada imzaladığı bəyannamənin tarixi əhəmiyyətini və müttəfiqliyin gələcək konturlarını müzakirə edərkən qonşu İrandakı prezident seçkilərini də unutmamalıyıq. Seçkiyə 7 namizəd qeydə alınmışdı ki, artıq onlardan 4-ü qalıb. Namizədliyini geri görütənlər Əlireza Zakani, Səid Cəlili və Möhsün Mehralizadə oldu. Birinci iki siyasətçi namizədliklərini mühafizəkarların lideri sayılan İbrahim Rəisinin xeyrinə geri götürdüklərini bildiriblər. Hər ikisi tərəfdarlarını seçkidə İbrahim Rəisiyə səs verməyə çağırıblar. İslahatçı namizəd sayılan Möhsün Mehralizadə isə, tərəfdarlarına kimi dəstəkləməyi məsləhət görməyib. Bununla Əbdülnasir Həmmati seçkidə yeganə islahatçı namizəd kimi qalıb”.



Politoloq deyir ki, böyük ehtimalla Əlireza Zakani və Səid Cəlili namizədliklərinin qeydiyyatından əvvəl İbrahim Rəisini dəstəkləyəcəklərini müəyyənləşdirmişdilər. Yəni hər iki namizəd faktiki İbrahim Rəisinin “layihəsi” olub: “İranda keçirilən son rəy sorğusu prezident seçkisində İbrahim Rəisinin qələbə çalacağını göstərir. İbrahim Rəisi son sorğunun nəticəsinə görə 57 faizlə irəlidədir. O biri namizədlər 2-5 faiz arasındadırlar. Misal üçün, namizədliklərini geri götürən 3 namizədin toplam reytinqi 5 faiz civarında idi. Ancaq İranda sorğu nisbi xarakter daşıyır.



Son sözü həmişəki kimi ölkə əhalisinin əksəriyyətini təşkil edən İran gəncliyi deyəcək və sürpriz istisna deyil. Seçkiyə bir neçə gün qalmış “İŞİD” qruplaşmasına məxsus terrorçuların İran-İraq sərhədində partlayış törətmələri də diqqət çəkdi. Onlar elektrik xəttini partlatdılar. Nəticədə İrandan İraqa elektrik ixracına bir müddət fasilə verildi. Seçki günü İranın bütün məntəqələrində təhlükəsizlik tədbirləri artırılacaq”. Qeyd edək ki, səsverməni ilkin nəticələrinin iyunun 19-da açıqlanacağı gözlənilir. Namizədlər bərabər səs toplasalar, seçkilərin ikinci turu keçiriləcək.

Tural Tağıyev
Azvision.az


Teqlər: İran   Seçki   Namizəd  





Xəbər lenti