Onun musiqisi "Xəbərlər"in əvvəlində verilirdi - Məşhur tələbəsi Cövdət Hacıyevi xatırlayır

 Onun musiqisi "Xəbərlər"in əvvəlində verilirdi - Məşhur tələbəsi Cövdət Hacıyevi xatırlayır
  18 İyun 2021    Oxunub:3729
Bu gün xalq artisti, bəstəkar Cövdət Hacıyevin 104 illiyi tamam olur. Azərbaycan musiqisinə "Sülh uğrunda" simfonik poemasını, "Vətən" operasını, Azərbaycan süitası"nı, "Şəhidlər" simfoniyasını bəxş edən musiqiçini vaxtilə onun tələbəsi olmuş tarzən Ramiz Quliyevlə birgə andıq.
- 1994-cü ilin iyul ayı idi. Bakı Musiqi Akademiyasına daxil olmaq üçün sənədlərimi təqdim etməliydim. Buna görə də rayondan elə birbaşa akademiyaya gəldim. Akademiyanın qarşısında Üzeyir bəyin heykəlinin önündə dayanıb, ehtiramımı bildirdim və binaya daxil oldum. İkinci mərtəbəyə qalxanda ortaboylu, 55-60 yaşlı və uzunsaçlı bir kişi məni sərt tərzdə çağırıb, məndən nə etdiyimi soruşdu. Həmin adama sənədlərimi qəbula təqdim etmək üçün gəldiyimi dedim.

Bir qədər məni süzdükdən sonra Çaykovskini tanıyıb-tanımamağımla maraqlandı. Mən bəstəkarın baletlərinin və digər əsərlərinin adlarını sadaladım. Ardınca Aleksandr Qlazunovun kim olması ilə maraqlandı. Qlazunovu tanısam da, əsərlərini xatırlamadım. Fikirləşdim. Dedi, “Nə fikirləşirsən? Dur get, özüm səndən imtahan götürəcəyəm. Bəstəkarların hamısının yardıclığını əzbər bilməlisən”.



Qanım qara aşağı düşdüm. Fikirləşdim, görəsən bu şəxs kimdir? Birinci mərtəbədə təxminən 70 yaşlı bir kişi mənə onun konservatoriyanın rektoru Cövdət Hacıyev olduğunu dedi.
Bunu eşidəndə bədənimə üşütmə gəldi. Konservatoriyanın binasından çıxıb, Mirzə Ağa Əliyev küçəsində yerləşən kirayə qaldığım həyət evinə gəldim. Mətbəxə girib, nisgilli bir muğam çaldım. Qəfildən başımı qaldırdım ki, mətbəxin qapısından iki-üç nəfər boylanıb, mənim çalğımı dinləyir. Məndən başqa musiqilər də çalmağımı xahiş etdilər. Dedim, ”Siz nə haydasınız, mən nə haydayam". Oradakılara başıma gələn əhvalatı, Qlazunov məsələsini danışdım. Məni dinləyən 40-50 yaşlı iki zərgər dedi ki, “Bacıoğlu, sən çal e, biz Qlazunovun anasını ağladarıq”.

Tarzən xatirələrini danışdıqca Cövdət bəyin ondan imtahan götürməsini də xatırlayır.

- 1964-cü ildə bütün fakültələrdə 9 imtahan verdik ,- Ramiz müəllim söhbətinə davam edir, - İxstisas fənni üzrə kim əla cavab verirdisə, onu diqqətdə saxlayırdılar. Cövdət müəllim çox yüksək səviyyədə təhsilə, istedada qayğı göstərirdi. Mən imtahan zamanı tarda ifa edəndə Cövdət müəllim komissiyanın sədri idi. Əməkdar müəllim Gəray Məmmədbəyli isə imtahanı qəbul edirdi. 64 tələbənin içindən iki nəfər 5 aldı. O iki nəfərdən biri mən idim. Cövdət müəllim Gəray müəllimə dedi ki, "5 alanları diqqətdə saxlayın". Sonrakı illərdə də mən öz müəllimimin nizam-initzamına, tədrisə verdiyi önəmə, gənclərə təqaüd verilməsində etdiyi fədakarlıqlara heyran oldum...



İkinci Dünya Müharibəsi zamanı o, Qara Qarayevlə birgə “Vətən” operasını yazdı. Həmin operadan parçaları ifa etmişəm. Daha sonra “Sülh uğrunda” simfoniyasına müraciət etmişəm. Hətta bu simfoniyanın müəyyən hissəsini 60-cı illərdə "Xəbərlər" proqramının əvvəlində verirdilər.



Digər bir neçə əsərini tar və fortopiano üçün köçürdüm. Müəllimim və rektorum kimi həmişə ona hörmətlə yanaşmışam. Cövdət müəllimdə alicənablıq, mədəniyyət var idi. Həmişə cavanlara, tələbələrinə, inamını doğruldan insanlara qayğı ilə yanaşırdı.
Onun oğlu İsmayıl Hacıyev drijor idi. Mən onun evində olmuşam, süfrəsində əyləşmişəm. Dostluğumuz var idi”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Cövdət-Hacıyev  





Xəbər lenti