"Gitaranı passivləşməyə qoymuram" - Sərxan Sərxanla 69 yaşın müsahibəsi

 "Gitaranı passivləşməyə qoymuram"  - Sərxan Sərxanla 69 yaşın müsahibəsi
  18 İyun 2021    Oxunub:3099
Bu gün Xalq artisti Sərxan Sərxanın doğum günüdür. 69 yaşını qeyd edən müğənni özəl günü ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb.
- Sərxan bəy, ötən il də sizinlə doğum gününüzdə danışmışdıq. Bir il ərzində sizin üçün nə dəyişib?

- Tək mənim deyil, hamının həyatında dəyişiklik olub. Virusun yayılması bizə imkan verdi ki, həyata ayrı cür baxaq. Başa düşək ki, bu həyat anlardan ibarətdir. Və sən həyatın hər anını qiymətləndirib, vaxtını boşuna itirməyəsən. Ən əsası, bu il xəstələnmədim. Heç zökəm də olmadım. Çünki özümü qoruyur və yaxşı baxıram. Amma Azərbaycan, Bakı üçün çox darıxıram. Bu il imkan olsa, Bakıya gəlməyə ümid edirəm.

- Nə qədər vaxtdır ki, Vətəndən uzaqsınız?

- Bir ildən çoxdur, Bakıya gələ bilmirəm.

- Uzun zamandır sizi görmürük. Əvvəli kimi cavan və yaraşıqlı qalmısnız?

- Bəli, yaraşığımı saxlamışam (gülür).

- Bunu nəyə borclusunuz?

- İdman edirəm, yeməyimə fikir verirəm, təmizliyimin qeydinə qalıram. Çay qırağında velosiped sürürəm. Buna görə də yaşıma görə yaxşı qalmışam. Həmişə məşq edirəm, bekar dayanmıram. Gitaranı da passivləşməyə qoymuram. Buna görə, formada qalıram. Ən əsası, maraqlı və yaxşı insanlarla ünsiyyətdə oluram. Bu da mənə stimul verir.



- Ömrün və fəslin bu çağında hansı mövzuda mahnılar oxumaq istərdiniz?

- Bəzən əvvəllər oxuduğum köhnə mahnıları zümzümə edirəm. Dəyişikliklər aparıram. 5 gündən sonra Moskvada konsertim olacaq. Ona hazırlaşıram. Gərək daim hərəkətdə olasan, həyat hərəkət tələb edib. Daim divanda otursan, bütün günü yesən, nə iləsə məşğul olmasan, onda sənin işin bitdi.

- Hərdən deyirlər ki, yaşam cəngəllik qanunları ilə idarə olunur. Yəni, sağ qalmaq üçün mübarizə aparmalısan. Siz kiminlə və ya nə ilə mübarizə aparırsınız?

- İnsanın əsas mübarizəsi gərək özü ilə olsun. Nəfsli insan nəfsi, tənbəl adam isə tənbəlliyi ilə döyüşməlidir.

- Bəs siz nə ilə savaşırsınız?

- Nəfsim yoxdur, paxıl deyiləm... Deyəsən... (fikirləşir) .. Bilmirəm...

- Sizin cavabınız ”Mənim ən böyük eyibim eyibsizliyimdir” cümləsini xatırlatdı...

- Ola bilər (gülür)

- Doğum gününüzdə sizi kim təbrik etsə, ürəyinizin sarı simi tərpənər?

- Qızım. Səhərdən 3 dəfə təbrik edib məni. Hədiyyələr göndərirlər. Pərəstişkarların zəngləri olur. Bunlar xoşbəxtliyin mənbəyidir.

- Nəvələriniz varmı? Babanı necə təbrik ediblər?

- Bura bax, vaxtım azdır. (gülür). Gör, sənin kimi nə qədər adam təbrik etmək istəyir. Mənim nəvələrim yoxdur.

Şahanə Rəhimli
Azvision.az


Teqlər:





Xəbər lenti