İrana kimin rəhbərlik edəcəyi məlum oldu

 İrana kimin rəhbərlik edəcəyi məlum oldu
  19 İyun 2021    Oxunub:1495
İranın hazırkı dövlət başçısı Həsən Ruhani prezident seçkilərinin qalibinin artıq məlum olduğunu bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə Ruhani dövlət televiziyasında çıxışı zamanı bildirib.

O, qalibi təbrik edib, ancaq adını açıqlamayıb.

"Xalqın seçdiyi şəxsi təbrik edirəm. Hələ rəsmi olaraq elan edilmədiyi üçün qanunu nəzərə alaraq rəsmi təbriki bir qədər təxirə salacağam. Kimin lazım olan səsləri ala bilməsi artıq məlumdur. 45 gündən sonra qalib prezident vəzifəsinin icrasına başlayacaq”, - Ruhani bildirib.

Artıq iki namizəd məhkəmə sisteminin başçısı İbrahim Rəisini seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.

Prezidentliyə namizədi Möhsen Rezainin təbrikində vurğulanıb ki, "Ali lideri, İran xalqını və xalqın seçdiyi şəxsi, qardaşım İbrahim Rəisini təbrik edirəm".

İranda prezident seçkiləri iyunun 18-də keçirilib. Prezident postu uğrunda əvvəlcə yeddi namizəd yarışıb, ancaq sonra onların üçü geri çəkilib. İran məhkəmə sisteminin başçısı İbrahim Rəisi, digər iki mühafizəkar siyasətçi – “Sepah”ın sabiq komandanı Möhsün Rezai və İran parlamenti sədrinin müavini Hüseyn Qazizadə Haşimi, habelə islahatçı, Mərkəzi Bankın sabiq rəhbəri Abdolnaser Hemmati seçkilərdə iştirak edib.

Xatırladaq ki, seçkilərin rəsmi nəticəsi bir neçə saatdan sonra açıqlanacaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: HəsənRuhani   Seçki   Təbrik  





Xəbər lenti