Köçəryan Paşinyanı məhkəməyə verir

  22 İyun 2021    Oxunub :1446
   Köçəryan Paşinyanı  məhkəməyə verir
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan rəhbərlik etdiyi “Hayastan” blokunun ölkədə keçirilən parlament seçkilərinin nəticələrinin saxtalaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəyini bəyan edib.
Robert Köçəryanın başçılıq etdiyi seçki alyansında səsvermə nəticələrinin mübahisəli olduğunu və etimad doğurmadığını düşünürlər. Onların fikrincə, səsvermənin ilkin nəticələri Ermənistanın ictimai həyatında son 8 ay ərzində müşahidə olunan proseslərə ziddir.

- Kütləvi qanun pozuntularının olduğunu düşünürük. İnzibati resurslardan istifadəsinin şahidi olduq və bu səbəbdən seçki nəticələrinə etiraz etmək üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəyik, - deyə Köçəryan seçkilərin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Keçmiş prezident həmçinin əlavə edib ki, hazırda nə onun, nə də rəhbərlik etdiyi blok üzvlərinin deputat mandatından imtina etmək fikri yoxdur.

Xatırladaq ki, Ermənistanda iyunun 20-də keçirilən parlament seçkilərində 21 partiya və 4 blok iştirak edirdi. Yekin nəticələrə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyası 53,92 faiz səslə qalib oldu. Robert Köçəryanın "Hayastan" bloku isə 21,64 faiz səs qazandı.
Yeni seçilmiş parlamentdə hökuməti Nikol Paşinyan quracaq. Bundan sonra Ermənistanın yeni Milli Məclisində Vətəndaş Müqaviləsi Partiyası, "Hayastan" bloku təmsil olunacaq. 5,23 faiz səs qazanmış, lakin bloklar üçün nəzərdə tutulan 7 faizlik həddi aşmayan Artur Vanetsyanın başçılıq etdiyi blok da mandat alacaq.
Ermənistan qanunlarına əsasən, səsvermə nəticəsində yalnız iki siyasi qüvvə parlamentdə təmsil olunmaq üçün kifayət qədər səs qazanarsa, üçüncü, daha çox səs qazanmış, siyasi qüvvəyə də parlamentdə təmsil olunmaq haqqı verilir.

Səbinə Həsənova
Azvision.az

Teqlər: Ermənistan   Seçki   Köçəryan   Paşinyan  






Xəbər lenti