Avstriya, Litva və Rumıniyanın XİN rəhbərləri Bakıya gəlir

  23 İyun 2021    Oxunub :316
   Avstriya, Litva və Rumıniyanın XİN rəhbərləri Bakıya gəlir
Avropa Komissiyasının Ali Nümayəndəsi və vitse -prezidenti Cozep Borrel Fontellesdən səlahiyyət almış Avstriyanın Avropa və beynəlxalq əlaqələr üzrə naziri Aleksandr Şallenberq, Litva və Rumıniyanın xarici işlər nazirləri Qabrielius Landsberqis və Boqdan Auresku Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək.
Azvision.az - a bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Qeyd edilib ki, səfər 25-26 iyun tarixlərində həyata keçiriləcək.

Ali nümayəndə adından həyata keçirilən səfər Avropa İttifaqının bu ölkələrlə ikitərəfli münasibətlərinə, Cənubi Qafqaz bölgəsinə və Aİ-nin Şərq Tərəfdaşlığı mexanizminə verdiyi əhəmiyyəti vurğulayacaqdır. Səfər, o cümlədən "Şərq Tərəfdaşlığı" çərçivəsində mövcud olan imkanlar vasitəsilə Aİ-nin həm Cənubi Qafqaz ölkələri ilə, həm də onlar arasında daha geniş əməkdaşlığı dəstəkləməyə hazır olduğunu göstərir.

Məlumatda vurğulanıb ki, bu yaxınlarda Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında qurumun Şərq qonşuluğundakı münaqişələrə dair aparılmış müzakirələrin ardından bu səfər Aİ-nin münaqişələrin həlli istiqamətində davamlı və hərtərəfli səyləri təşviq etmək və onları fəal şəkildə dəstəkləmək əzmini vurğulayacaqdır.

Nazirlər Bakıda Azərbaycanın Prezidenti İlham Əliyevlə, Ermənistanda prezident Armen Sarkisyan, baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, Tbilisidə isə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşəcəklər.

Səfər çərçivəsində eləcə də 2021-ci ilin dekabrında keçirilməsi planlaşdırılan "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq çərçivəsində Aİ-nin üç ölkəni dəstəkləməsinə dair mesaj çatdırılacaq.

Nazirlər, səfərin sonunda şənbə günü 26 iyun tarixində Tblisidəki Aİ Nümayəndəliyində mətbuat konfransı keçirəcəklər.

Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Aİ-nın xüsusi nümayəndəsi Toyvo Klaar nazirləri səfər zamanı müşayiət edəcək.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: XİNrəhbərləri   Azərbaycan   Səfər  






Xəbər lenti