Dövlət əsgərin yanındadır! - Hərbçilərə yönəlmiş siyasətin məğzi

  Dövlət əsgərin yanındadır!  - Hərbçilərə yönəlmiş siyasətin məğzi
  26 İyun 2021    Oxunub:1407
Azərbaycan dövləti, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğuna hər zaman diqqət ayırıb, hərbçilərin rifah halının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülüb. Prezidentin bu həftə hərbçilərlə bağlı imzaladığı sərəncamlar da bu qəbildən addımların siyahısına daxil idi.
"İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında" Sərəncam sözün həqiqi mənasında hərbçilərə olan qayğının növbəti bariz nümunəsidir.

Sərəncama əsasən, iyulun 1-dən işğaldan azad olunmuş ərazilərdə xidmət aparan hərbi qulluqçuların aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilib. Əlavələri hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 20–60 faizi həcmində olacaq.

Bundan başqa, iyunun 24-də 76 mindən artıq hərbçi orden və medallarla təltif olundu ki, ölkə başçısının bu addımı da cəmiyyətimizdə müsbət qarşılandı. Torpaqların azad olunmasında şücaət göstərən xeyli sayda qəhrəman əsgər və zabitimiz bir daha layiq olduğu dəyəri görmüş oldu.

Bu, hərbçilərə göstərilən diqqət kimi nə birinci, nə də sonuncu addım idi. Ölkəmizdə hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirlirdi. Bundan əvvəlki dövrdə hərbçilərin mənzil-məişət problemlərinin həlli, onların xidmət şəraitinin müasir standartlara uyğun yenidən qurulması istiqamətində də bir sıra tədbirlərin görülməsinin şahidi olmuşuq.

Hərbi ekspert Şair Ramaldanov Azvision.az –a verdiyi açıqlamada deyib ki, Azərbaycan orduya xüsusi həssasiyyətlə yanaşan nadir ölkələrdən sayılır. Prezidentin son sərəncamlarını isə iki istiqamətdə şərh etmək olar-sosial rifahın yüksəldilməsi və hərbçilərə verilən mənəvi dəyərin bundan sonra da yüksək səviyyədə saxlanılacağı.



“Cənab Prezident İlham Əliyev Ali Baş Komandan kimi son dövrlərdə hərbçilərin sosial rifahının yaxşılaşdırılması üçün müxtəlif addımlar atıb, sərəncamlar verib. Bu sərəncamların nəticəsi olaraq hər il hərbçilərimizin mənzil-məişət problemləri həll edilir maddi durumları isə müsbətə doğru dəyişir. Əvvəlki illərdə mütəmadi olaraq orduda xidmət aparan hərbçilərin maaşlarında artımlar olurdu. Hazırda işğaldan azad edilmiş torpaqlarda xidmət edən zabit-gizir heyəti ilə Azərbaycanın digər bölgələrində olan hərbçilər arasında böyük fərq var. Yəni o mənada fərq qoyulur ki, ortada fərqli şərait məsələsi var. Düşünürəm ki, bütün bu kimi həssas məqamlar nəzərə alınaraq məhz həmin işğaldan azad olunmuş rayon və şəhərlərdə xidmət edən ordu bölmələrimiz daha çox diqqət və qayğı görürlər”.

Şair Ramaldanov deyir ki, son zamanlara kimi təmas xəttində qulluqda olan hərbçilərlə, paytaxt və ya digər normal şəraitdə xidmət aparan hərbçilərin maaşları məsələsində müxtəlif fikirlər səslənirdi. Bu istiqamətdə çox söz-söhbətlər olsa da, artıq mövzu çoxdan qapanıb:

“Müharibədən sonra da qısa bir müddətdə maaş məsələləri qaldırıldı və nəticədə problemi həll edən müəyyən qərarlar qəbul olundu. Yəni həqiqətən də dövlətin qayğısı, operativ addımları təqdir olunmalıdır. İndi isə, birinci növbədə məhz işğaldan azad olunmuş çətin şəraitə malik torpaqlarda xidmət aparan heyətin maaşlarında artımın, əlavələrin olması çox vacib və zamanında atılmış bir addım oldu. Çünki hər bir xidmət aparan hərbçinin şəraitinə, olduğu yerə uyğun olaraq maddi təminatında fərq nəzərə çarpmalıdır. Necə ki, şərait fərqlidir, riskli zona və s. amillər var, eləcə də maddi təminatda eynilik olmamalıdır. Uzun illər istər hava, ümumilikdə iqlim və relyef, istərsə də şərait baxımından çətin vəziyyətdə xidmət aparan zabit və gizir heyətinin, ordu bölmələrinin təminatı daha yüksək saxlanırdı. Son sərəncamlar isə, işğaldan azad olunmuş ərazilərdə xidmət aparmış və ya hazırda burada qulluq edən şəxsi heyətə müəyyən mənada diqqəti də çəkmiş oldu. Yəni ümumilikdə cəmiyyətin diqqətini bu qəhrəmanlarımıza yönəltmiş olduq. Ali Baş Komandanın bu hərbi qulluqçuların çətin şəraitdə xidmət aparmasına dəyər verməsi, həmçinin müharibə zamanı şücaət göstərmiş minlərlə əsgər və zabiti təltif etməsi ümumilikdə cəmiyyətimizdə ruh yüksəkliyini birə beş artıracaq. Ona görə də düşünürəm ki, bu cür müsbət addımlar müəyyən dövrlərdə yenidən təkrarlanacaq”.

Ekspert deyir ki, qalib ordunun hərbçiləri hər cür diqqət və qayğıya layiqdirlər. Şair Ramaldanov tövsiyə edib ki, bundan sonra da şəxsi heyətin maddi durumunun yaxşılaşdırılması istiqamətində yeni qərarlar qəbul edilsə, birinci növbədə çətin şəraitdə xidmət aparan hərbçilər nəzərə alınmalıdır:

“Yaxın illərdə hərbçiləri nəzərə alan sosial proqramlar getdikcə daha çox nəzərə çarpacaq. Hazırda Azərbaycan nadir ölkələrdən sayılır ki, orduya bu qədər dərindən diqqət göstərilir. Şəhərciklər salınır, zabitlər mənzillərlə təmin edilir, maaşlarda mütəmadi olaraq artımlar nəzərə çarpır və s. Bir sözlə, çətin şəraitdə xidmət aparan şəxsi heyətin maddi durumu, rifahı nə qədər yaxşı olarsa, bu o qədər ordumuzun keyfiyyət və döyüş qabiliyyətinə müsbət təsir edər. Hər iki sərəncamı müsbət qiymətləndirirəm”.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ordu  





Xəbər lenti