Ermənistanda seçki pozuntularına görə 47 nəfərə cinayət işi açılıdı

  26 İyun 2021    Oxunub :561
Ermənistanda seçki pozuntularına görə 47 nəfərə cinayət işi açılıdı
Ermənistanda seçkilər zamanı baş verən qanun pozuntuları ilə əlaqədar 47 nəfər barəsində cinayət işi başladılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, 47 nəfərdən 40 nəfəri rüşvət vermək və ya almaqda şübhəli bilinir.

Ümumilikdə, 25 iyun tarixinə olan məlumata görə, 37 cinayət işi açılıb, onlardan 23 hal rüşvət vermək və ya almaqla bağlıdır. Digər cinayət işləri seçki kampaniyasında iştiraka məcburiyyət və ya maneə yaratmaq, seçki məntəqəsində və ya yaxınlığında güc tətbiqi, güc tətbiqetmə hədəsi, saxta bülletenlərin istehsalı, səsvermədə 2 və ya daha çox dəfə iştirak etmək cəhdləri, seçicini səsvermənin nəticələrini açıqlamağa məcbur etmək, seçki afişalarına ziyan vurmaqla əlaqədardır.

Bu cinayət işləri ilə bağlı 47 nəfər barəsində cinayət təqibi başladılıb, onlardan 26-na ittiham elan edilib, 11 nəfər şübhəli şəxs statusundadır.

İttiham elan edilənlər arasında iki blokdan və bir partiyadan 5 namizəd də var. Bundan başqa, seçkidən əvvəl rüşvət şübhəsi ilə saxlanılan, lakin məhkəmənin qərarı ilə sərbəst buraxılandan sonra Ermənistan ərazisini tərk edən namizəd barəsində axtarış elan edilib.

Qeyd edək ki, Ermənistanda iyunun 20-də erkən parlament seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası səslərin demək olar ki, 54% -ni toplayaraq böyük fərqlə qalib gəlib. Sabiq prezident Robert Koçaryanın lideri olduğu "Ermənistan" bloku 21,4%, Serj Sarkisyanın "Şərəfim var" bloku isə 5.23% səs alıb. Bu üç qüvvə yeni parlamentdə təmsil olunacaq.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Seçki   Cinayətişi  






Xəbər lenti